ÇıxışYolu.Com - Mingəçevirdə ağaclar kütləvi şəkildə kəsilib?

ÇıxışYolu.Com – Mingəçevirdə ağaclar kütləvi şəkildə kəsilib?

Baxış sayı: 4. 158 dəfə baxılıb.

ÇıxışYolu.Com - Mingəçevirdə ağaclar kütləvi şəkildə kəsilib?

Mingəçevirdə ağacların kəsildiyinə dair videogörüntülər yayılıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə dünən şəhərin Heydər Əliyev 72 ünvanında baş verib.

Hadisə şahidi, Mingəçevir şəhər sakini Abdullayev Ülvi Abdulla oğlu deyir ki, ağacların çıxarılmasına rəsmi münasibət bildirilmir. Onun sözlərinə görə, Mingəçevirdə yaşıllıqlar qanunsuz şəkildə məhv edilir və heç kim buna reaksiya vermir.

Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin müdir müavini Aqil Məhərrəmov bildirib ki, ağacların zəbt edilən ərazidən çıxarılıb başqa ərazidə basdırılmasına dair məhkəmə qərarı var:

“İki qonşu arasında mübahisəli məsələ olduğu üçün problemin həll olunması ilə bağlı məhkəməyə müraciət olunub. Vətəndaşlardan biri digərinin evinin qarşısında ağac əkib. Bu isə ev sahibinin avtomobilinin həyətə giriş-çıxışına mane olub.

Qanun çərçivəsində məsələyə baxılıb və məhkəmə tərəfindən qərar verilib ki, əməkdaşlarımız tərəfindən həmin ağaclar ərazidən çıxarılaraq 5-6 metr kənarda torpağa basdırılsın. Həmin ərazinin yaşıllaşdırılmasına və abadlaşdırılmasına bizim əməkdaşlar nəzarət edir. Yəni burda heç bir qanunsuz proses yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ÇıxışYolu.Com-a açıqlamasında ağacların kəsilmədiyini, köçürüldüyünü deyib:

“Qanunsuz ağac kəsimi olmayıb. Məsələ məhkəmə yolu ilə həll olunub. Nazirliyin nümayəndələri hadisə yerində olub, məhkəmə qərarı ilə tanış olub. Həqiqətən, məhkəmə həmin ərazidəki doqquz ədəd ağacın başqa əraziyə köçürülməsinə qərar verib. Nümayəndələrimizin müşayiəti ilə ətrafa ziyan vurulmadan doqquz ağac ehtiyatla başqa əraziyə köçürülüb”.

Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəis müavini Tahir Abdullayevin verdiyi məlumata görə, sözügedən ərazi onların nəzarətində deyil:

“Mən sözügedən əraziyə getmişəm. Bizim səlahiyyətimizdə olmağı üçün idarəmiz tərəfindən proseslərin gedişinə heç bir müdaxilə olunmayıb”.

Könül Cəfərli