Mayın 29-da həlledici matçı Bakıda keçiriləcək UEFA Avropa Liqasının ilk finalçısının adına aydınlıq gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, bu, İngiltərənin “Arsenal” klubu olub.
Londonda İspaniyanın “Valensiya” komandasına 3:1 hesabı qalib gələn “Arsenal” bu dəfə İspaniyada 4:2 hesablı qələbəyə sevinib. Bu görüşdə “Arsenal”ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanq het-trik edib. Maraqlıdır ki, Londondakı ilk matçda olduğu kimi, bu dəfə də hesabı Valensiya təmsilçisi açıb.
Bununla da “Arsenal” finala çıxıb. Xatırladaq ki, “Arsenal” cari mövsüm artıq ikinci dəfə Bakıya gələcək. Henrix Mxitaryanın oynadığı “topçular” payızda Avroliqanın qrup mərhələsində məhz “Qarabağ”ın mübarizə apardığı qrupda yer almışdı.
Qeyd edək ki, Bakıya gələcək ikinci finalçının adı “Çelsi” – “Ayntraxt” oyunundan sonra müəyyənləşəcək. Hazırda Londondakı matç Almaniyadakı oyun kimi 1:1 hesabı ilə başa çatdığından, bu qarşılaşmada əlavə 30 dəqiqə oynadılır.
Səbuhi Musayev