Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranmış ciddi problemlərə görə Türkiyəyə yola düşüb.
Məsələ bağlı ÇıxışYolu.Com-ın əməkdaşı N.Allahverdiyeva ilə əlaqə yaradıb.
Aktrisa həkimlərin ona düzgün diaqnoz qoymadıqlarına görə Türkiyəyə üz tutduğunu söyləyib.
“Bakıda xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmadı. Bütün pullarım hədər getdi. Dərmanlara və müayinələrə verdiyim pulları saysam, ağzınız açıq qalar. Bir çox həkimlərə üz tutsam da, onlar xəstəliyimin tam diaqnozunu qoymaqda çətinlik çəkdilər.
Hətta həkim tomoqrafiyaya baxıb diaqnoz qoya bilmədi. Analizlərin cavablarını Türkiyənin məşhur xəstəxanalarının birinə yolladım. Müsbət cavab aldıqdan sonra qərar verdim ki, Türkiyəyə getməliyəm. Ümid edirəm ki, Türkiyədə dərdimə dərman tapılar və yenidən sağlamlığıma qovuşaram”.
Qeyd edək ki, bir müddət bundan əvvəl Naibə Allahverdiyeva əsəblərinin pozulduğunu və qan təzyiqindən əziyyət çəkdiyini bildirmişdi.
Rəşad Əliyev