Mayın 13-nə keçən gecə Cəlilabadın Xanəgah kəndində atışma olub.
Bu barədə ÇıxışYolu.Com-a Cəlilabad rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə polis əməkdaşları ilə narkotik alverçiləri arasında baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli bildikləri “Hyundai” markalı avtomobili saxlamaq istəyiblər. Bu zaman cinayətkarlar polisin əmrinə tabe olmayıblar, BMW markalı polis avtomobilinin yan güzgüsünü sındırıblar və hadisə yerindən uzaqlaşmağa çalışıblar.
Polis əməkdaşları havaya xəbərdaredici atəşlər açıblar və yalnız bundan sonra şübhəli şəxslər dayanıblar.
İnsident yerinə əlavə polis qüvvələri cəlb olunub.
Hadisə zamanı Naxçıvan sakini Mirkərim Seyidov, yardımlı sakini Tərlan Behbudov, Şəmkir sakini Rəşad Sadıqov və zəngilanlı Anar Məmmədov saxlanılıb.
Axtarış zamanı satış üçün nəzərdə tutulmuş heroin və psixotrop maddə sayılan metamfetamin tapılıb.
Polisdən bildiriblər ki, hüquq-mühafizə orqanları əməkdaşları ilə narkotacirlər arasında atışma baş verməsi barədə məlumatlar əsassızdır. İnsident zamanı cinayətkarlar tərksilah ediliblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ramella