Moskvada dörd aylıq “SIRIUS-19” eksperimenti sona çatıb. Eksperimentin əsas məqsədi uzun müddət təcrid vəziyyətində qalmanın kosmonavtın psixoloji və fizioloji vəziyyətinə təsirini müəyyən etmək olub.
ÇıxışYolu.Com xəbər verir ki, eksperimentdə iştirak edənlərdən biri də həmyerlimiz Allen Mirqədirovdur. O, uzun müddətdir ABŞ-da yaşayır.
A.Mirqədirov 1979-cu ildə Bakıda doğulub. Altıncı sinfə qədər Bakıdakı 145 saylı məktəbdə təhsil alan Allenin ailəsi 1991-ci ildə ABŞ-a köçüb.
O, Amerika Hərbi Hava Qüvvələri Akademiyasında kosmik texnika üzrə bakalavr, San Dieqo Dövlət Universitetində isə aerokosmika texnikası üzrə magistr təhsili alıb.
Təhsilini başa vuran Allen 10 il ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib və 2010-cu ildə NASA-da aerokosmik mühəndis kimi iş təklifi alıb.
Qeyd edək ki, eksperiment zamanı ABŞ və Rusiyadan olan üç kişi və üç qadın 120 gün müddətində tədric vəziyyətində saxlanılıb. Bu zaman onlar beş moduldan ibarət kompleksdə yaşayıblar və müxtəlif tapşırıqları yerinə yetiriblər. “SIRIUS-19” eksperimentində istifadə edilən xüsusi kompleks ekipajın kosmik uçuşlar zamanı yaşadığı şərtləri simulyasiya edir və əldə olunan məlumatlar Beynəlxalq Kosmik Stansiyada və kosmosda istifadə ediləcək.
Samir İsayev