“Neftçi” “Arsenal”dan daha yaxşı oynadı. Müdafiədə çox dəqiq və etibarlı çıxış etdi. Hətta dirəyə dəyən topu nəzərə alsaq, “Neftçi” iki topla da qalib gələ bilərdi. Bakılılar bu matçda daha güclü idi.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan və Rusiya futbolunun əfsanəsi sayılan Nazim Süleymanov deyib.
Bakının “Neftçi” və Vladiqafqazın “Alaniya” klubunun futbolçusu olmuş N.Süleymanov Rusiyanın “Matç TV” telekanalının qonağı olub.
O, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin Tula şəhərində keçirilmiş “Arsenal” – “Neftçi” (0:1) oyunundan sonra fikirlərini bildirib: “Bu, “Neftçi”nin yeni mövsüm öncəsi üçüncü rəsmi oyunu idi. Komanda hələ tam hazır deyil. Ancaq avrokuboklar zamanı motivasiya fərqli olur. “Neftçi”də qələbə qazanmaq istəyi görünürdü. Birəbir mübarəzilərdə “Neftçi” “Arsenal”dan güclü idi. Bu üzdən “Neftçi”nin qələbəsi qanunauyğundur”.
Verilişin digər qonağı, London “Arsenal”ının sabiq futbolçusu Andrey Arşavin isə “Neftçi”nin hesaba oynadığını bildirib.
Təmsilçimizin hücumçusu Rauf Əliyevin matçın son dəqiqəsində rəqib futbolçunun qaşını partlatması barəsində isə Arşavin ona ikinci sarı vərəqənin verilməli olduğunu qeyd edib.
Süleymanovun isə bu barədə fikirləri belə olub: “Raufa sarı vermək olardı. Amma verilmədisə, burda qəbahətli heç nə yoxdur. Hakim də insandır. O bütün matç boyu düzgün idarəçiliyi ilə yadda qaldı”.
Nazim Süleymanov Tuladakı azarkeşlər barədə isə bunları deyib: “Azarkeşlərin çoxluğu “Neftçi”yə problem yox, əksinə kömək oldu. Bakıda da stadion dolu olacaq”.
Qeyd edək ki, “Neftçi” bir həftə sonra “Arsenal”ı “Bakcell Arena”da qəbul edəcək.
Səbuhi Musayev