Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, “Neftçi” cari mövsüm ilk qələbəsini qazanıb – 2:1.
Bakı klubu doğma divarlar arasında “Sumqayıt”ı oyuna əlavə olunmuş üçüncü dəqiqədə fransalı hücumçu Jozef Stiven-Monrozun vurduğu qolla məğlub edə bilib. Bu matçda baş hakim Səbuhi Bayramov bir penalti təyin edib, üç qırmızı vərəqə göstərib. Meydan sahiblərindən milliləşdirilmiş ukraynalı müdafiəçi Anton Krivotsyuk, qonaqlardan Murad Xaçayevlə kapitan Vurğun Hüseynov meydandan qovulub.
“Qarabağ” isə çempionatda ardıcıl üçüncü qələbəsini qazanıb. Maliyyə problemləri ilə üzləşmiş “Səbail”i 4:0 hesabl darmadağın etmək Ağdam komandası üçün çətin olmayıb. Qolları ispaniyalı Dani Kintana, İsmayıl İbrahimli (2) və Mahir Emreli vurub. Bu, ötən mövsümün bürünc mükafatçısı “Səbail”in ilk yenilgisi olub.
Qeyd edək ki, “Qarabağ” doqquz xalla I, “Keşlə” və “Səbail” altı xalla II və III sırada qərarlaşıb.
Səbuhi Musayev