ÇıxışYolu.Com – “Neftçi” “Sabah”la bu gün oynayacaq

Baxış sayı: 3. 127 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Neftçi” “Sabah”la bu gün oynayacaq

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, ilk gündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyunu Bayılda olacaq. Mövsümün ikinci yarısının ən güclü və ən zəif komandaları üz-üzə gələcək.

Belə ki, qış fasiləsindən sonra keçirdiyi dörd matçın üçündə qələbə qazanan “Səbail” ikinci yarıda qələbə üzünə həsrət qalan, ardıcıl dörd çempionat oyununda məğlub olmaqla sonuncu pilləyə düşən “Sumqayıt”ı qəbul edəcək. İlk iki dövrədəki görüşlərdə ev sahibləri quru hesabla qələbə qazanıblar. Bu qarşılaşmanın favoriti də meydan sahibləri hesab olunur.

Günün digər matçında isə “Neftçi” “Sabah”ı qəbul edəcək. Ötən tur hər iki komanda sürpriz nəticə ilə diqqət çəkmişdi. Elşad Əhmədovun yetirmələri çempionluq yarışında “ağ-qaralar”ın əsas rəqibi “Qarabağ”ı büdrətmişdisə, “Neftçi” bu fürsəti əldən vermiş, “Səbail”ə uduzmuşdu. İki komandanın mübarizəsində “flaqman” qələbəyə daha yaxın tərəf kimi görünsə də, digər nəticələr də istisna olunmur.

Sabah keçiriləcək görüşlər içərisində maraqla gözləniləni “Qarabağ”ın matçı olacaq. Son iki matçda uduzmayan “Keşlə” VII turda 1:1 oynayıb xal aldığı “Qarabağ”ı yenə öz meydanında büdrətməyə çalışacaq. Ancaq Ağdam klubu da ardıcıl ikinci oyunda xal itkisinə yol vermək istəmir. “Neftçi”nin mümkün xal itkisi fonunda bu matç Qurban Qurbanovun yetirmələri üçün vahid liderliyə yüksəlmək üçün əla şans olacaq.

2 mart

16:00 “Səbail” – “Sumqayıt”

Baş hakim: Səbuhi Bayramov

“Bayıl Arena”

18:30 “Neftçi” – “Sabah”

Baş hakim: Vüqar Həsənli

“Bakcell Arena”

3 mart

15:00 “Zirə” – “Qəbələ”

Baş hakim: İnqilab Məmmədov

Zirə İdman Kompleksinin stadionu

17:30 “Keşlə” – “Qarabağ”

Baş hakim: Orxan Məmmədov

“ASK Arena”