Bir neçə gün öncə el şənliklərindən birində müğənni Nura Surinin başına xoşagəlməz hadisə gəlib. Suri iddia edir ki, Əməkdar artist Rəşad İlyasovun köməkçisi onu pis vəziyyətdə qoymaq üçün fonoqramını kəsib.
Yaşanan hadisəni özündə əks etdirən görüntüləri Nura şəxsi “Instagram” hesabında paylaşaraq bu sözləri yazıb:
“Bax, belə alçaqlıq edirlər müğənnilərə qarşı. Elə bilirsiniz, asandır belə əclafların arasında baş çıxarmaq? Rəşad İlyasovun işçisidir. İki dəfə mahnımı kəsdirdi. Yaxşı ki, çəkib göndəriblər, özüm şahidi oldum. Sonra da gəlib ki, canlı oxuyaq. Öz tonallığında oxutdu məni. Yaxşı ki əsəbiləşmədim və belə hallara hazıram”.
Rəşad İlyasov məsələ ilə bağlı ÇıxışYolu.Com-a açıqlama verib.
O, Surinin onunla bağlı irəli sürdüyü ittihamlarına belə cavab verib:
“Belə bir şey ola bilməz. Nura ifa etməyə gəldi, əvvəl bilmədik nə oxuyacaq. Gördük mahnısı kəsildi, ikinci dəfə ifası kəsiləndə ona yaxınlaşdım. Bəyin anası dedi ki, problem var, kömək edək? İnsanlar da bizi gözləyirdilər. Səs rejissoru dedi ki, disk işləmir.
Nuraya dedim canlı oxuyaq, oxuduq. Pis alınmadı. Musiqiçilərim də onu müşayiət etdilər. Hətta Nura xanımın fonoqramı bitmişdi, onun tonallığında ifa etdik.
İnsanlara dedim ki, ekspromt idi, necə alındı? Hamı dedi ki, əladır. Məclis bitəndən sonra gördüm belə bir şey yazıb. Heç bir sənət dostuma belə bir şey etmərəm.
Nura xanımın yazdığı statusdan sonra səs rejissorumdan soruşdum, dedi, onun mini diskini gətirdilər. Taxdıq, “error” yazdı. Nuraya dedik, amma qayıtdı ki, bizlikdir, taxın. Diski köhnə olduğu üçün baş verib. Yalan danışmasın. Musiqiçilər də, mikrofon da oradadır, ürəyi istəyirdi, canlı oxuyaydı. Orada ən yüksək səviyyəli aparatlar var idi, heç kimin boynuna atmasın”.
Nura Suri isə ÇıxışYolu.Com vasitəsilə Rəşadın söylədiyi fikirlərin yanlış olduğunu deyib:
“Kor kor, gör gör. Hamısı videoya düşüb. Mahnını bir dəfə kəsərlər. Pulta yaxınlaşıb mahnımı kəsmək nə idi?”
Nura başına açılan xoşagəlməz oyunlardan boğaza yığıldığını deyib:
“Baxıram insanlara, baxıram bugünkü cəmiyyətə, düşünürəm ki, mən buna layiq deyiləm. Mən daha yaxşısına layiqəm. Çünki insanlara qarşı fərqliyəm. Niyə onlar mənə qarşı belə olmalıdırlar?”
Rəşad Əliyev