14 yaşında ikən İŞİD terrorçusunun əlinə keçən qız, aylarla işgəncə və təcavüzə məruz qaldı. Sonradan yeni həyata başlamaq istədi, lakin Almaniyada həyatını qaraldan insanla təkrar qarşılaşdı. İraqa qayıdan yezidi qadın 4 ildən sonra terrorçudan yaşadıqlarının hesabını istədi.
Bu barədə “Haber Global” xəbər verib.
Məlumata görə, Aşvak Hacı Hamid 14 yaşında olarkən Mosulda qul bazarından 100 dollara satın alınıb, bundan sonra 3 ay boyunca işgəncə və təcavüzə məruz qalıb. İŞİD terrorçusunun əlində onun həyatı tam mənası ilə kabusa çevrilib.
İraqdan qaçan yezidi qadın 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya sığınıb. Ancaq burada da iki il fasilələrlə həyatını kabusa çevirən adamla qarşılaşıb. Yezidi qadın polisə müraciət etsə də, hüquq mühafizəçiləri İŞİD terrorçusunun artıq miqrant statusu aldığı üçün ona qarşı heç nə edə bilməyəcəklərini bildiriblər.
Bundan sonra 19 yaşlı qadın İraqa geri qayıdaraq qaçqın düşərgəsində yaşamağa başlayıb.
Gənc qadın illər keçdikdən sonra İŞİD terrorçusu ilə təkrar qarşılaşıb. İraq Beynəlxalq Kəşfiyyat Xidmətinin qeydə aldığı görüntü İraq televiziyası ilə yayımlanıb. Kadrlardan görünür ki, Hamid 4 il sonra həyatını qaraldan terrorçunun qarşısına keçərək onunla hesablaşır.
O, İŞİD terrorçusuna “Mənə təcavüz etdiyin vaxt 14 yaşında idim. Bir az insanlığın olsaydı, 14 yaşımda ikən mənə təcavüz etməzdin”, – deyir. Ancaq gənc qız bu görüşə tab gətirə bilməyərək huşunu itirir.
Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildə yezidilərin sıx yaşadığı İraqın Sincar bölgəsini ələ keçirib. Terrorçular Sincarda minlərlə yezidini öldürüb, 6500 nəfəri isə qaçıb. Onlardan yarısı terrorçuların əlindən xilas ola bilib.