ÇıxışYolu.Com – Özünə qalib gələrək, sərhədləri aşmaq: “Dəmir Adamla”

Baxış sayı: 1. 760 dəfə baxılıb.

ÇıxışYolu.Com - Özünə qalib gələrək, sərhədləri aşmaq: “Dəmir Adamla”

“IRONMAN” davamlı mərhələlərdən ibarət uzun məsafəli triatlon yarışıdır. “IRONMAN” triatlonu dünyanın ən çətin birgünlük yarışlarından biri hesab olunur.

Yarışın üç mərhələsini (təbii şəraitdə üzmə, velosiped sürmə və marafon qaçışı) başa vurmaq üçün iştirakçılara 17 saat vaxt verilir. Bu müddət ərzində finiş xəttinə çatan hər bir iştirakçıya “Dəmir Adam” – “IRONMAN” titulu verilir.

Qonağımız METAK şirkətinin icraçı direktoru Aydın Kərimovdur. Biz bu gün biznes haqqında deyil, onun “Dəmir Adam” adını qazanmaq üçün keçdiyi yol barədə danışacağıq. 

– Aydın, qələbəniz münasibətilə Sizi təbrik edirik. Hansı fəaliyyətin nəticəsində bu uğuru əldə etməyə müvəffəq oldunuz?

– Əgər kimsə 2 il bundan əvvəl desəydi ki, mən 3,8 km üzə, velosipedlə 180 km qət edib, bundan sonra da 42 km qaça bilərəm, bunun absurd olduğunu düşünərdim. Üzməyi və velosiped sürməyi hələ uşaqlıqdan bacarıram, amma qaçış heç vaxt marağıma səbəb olmamışdı.

Buna görə də o zaman xəyalım olan “IRONMAN”ə aparan yolu qaçış məşqlərindən başlamağa qərar verdim. İlk məşqdə 2 km qət etdim, bu da mənə bir neçə günlük əzələ ağrısına başa gəldi. Lakin artıq 2 aydan sonra rahatlıqla 10 km qət etdim.

Uşaq kimi sevinirdim! Amma 42 km məsafəni qaçmaq fikri mənim üçün utopiya idi. “IRONMAN” şüarı belə səslənir: “Anything is possible” (“Hər şey mümkündür” – red.), buna görə də mən yolumu inamla davam etməyi seçdim. Deyə bilərəm ki, triatlonda uğurun açarı məşqlərin davamlılığı və nizamlılığıdır.

– Niyə məhz “IRONMAN”?

–  “IRONMAN” ilə təsadüfi tanışlıq məni ona görə maraqlandırdı ki, bu yarış özümə çağırış etməyə imkan verirdi. Axı burada yalnız bir idman növündə deyil, eyni zamanda, üç idman növündə uğurlu nəticə göstərməlisən. Üstəlik, nail olmaq istədiyin əsas hədəf var, və, digər idman növlərindən fərqli olaraq bu hədəfə birbaşa çatmaq olmur. 

– Ancaq buna insan özü gəlməlidir və motivasiyası olmalıdır. Bu motivasiya Sizdə haradandır?

– Uzun müddət artıq çəki ilə mübarizə aparırdım. Fərqli pəhrizlər sınadım, müxtəlif idman növləri ilə məşğul olmağa başladım. Təəssüf ki, bütün səylərim istənilən nəticəni vermədi. Artıq çəki əhval-ruhiyyəmə mənfi təsir edirdi.

Əsas motivasiyam ailəmdir, xüsusən də artıq çox şeyi anlayan böyük oğlumdur. Yeni həyat tərzimlə ona nümunə olmaq, sağlam həyat tərzi və məqsədyönlülük kimi dəyərləri aşılamaq istədim. 

– Aydın, başa düşdüyüm qədər, Sizin boş zamanlarınız çox olur. Asudə vaxtınızı necə keçirirsiniz?

– Əlbəttə, hamı kimi gündə 24 saat vaxtım var. İnanın ki, bu vaxt yuxu, məşq, iş, istirahət, ailə və dostlarla zaman keçirmək üçün kifayətdir. Əminəm ki, oxucular arasında nəinki idmana həsr ediləsi, ümumiyyətlə boş vaxtının olmadığını söyləyənlər olacaq.

Bəli, mən də bunlardan keçmişəm. İşimin həcmi böyükdür, ailə öhdəliklərim, korporativ görüşlərim, dostlarla yığıncaqlarımız – bunların hamısı çox vaxt aparır. İdman isə yavaş-yavaş arxa plana keçir. Lakin triatlonla rejiminiz dəyişir: erkən oyanırsınız, yeməyinizə daha diqqətli olursunuz, məşqlərin instensivliyini nəzarətdə saxlayırsınız.

– Bəs belə bir nəticə əldə etmək üçün nə qədər məşq etmək lazımdır?

– Daha əvvəl dediyim kimi, triatlon davamlılığı sevir. Müəyyən bir nəticə əldə etmək üçün məşqlərin ya intensivliyini, ya da həcmini artırmaq lazımdır. Deyə bilərəm ki, orta hesabla həftədə 6 dəfə gündə 2 saat olmaqla məşq edirəm. Yarışdan əvvəl həftəlik zaman həcmi 20 saata çata bilər.
 
– Aydın, belə gərgin qrafik sizi taqətdən salmır?

– Atam dediyi kimi, “sağlam bədəndə sağlam ruh olar”. Qarşıma məqsəd qoyduğum gündən artıq çəkidən azad oldum və daha sağlam həyat yaşamağa başladım. Bununla yanaşı, həm də mənəvi cəhətdən gücləndim. Yarış vaxtı yaxınlaşdıqca özünə qarşı daha tələbkar olmağa çalışırsan, məşqlərin hər dəqiqəsinin qədrini bilirsən. Belə gərgin məşqdən sonra inanılmaz məmnunluq hiss edirəm, idman mənə əlavə bir xoşbəxtlik bəxş edir.

– Oxucularımızla sonuncu böyük yarış haqda təəssüratlarınızla bölüşün. 

– Yarış oktyabrın 6-sı Barselona yaxınlığında yerləşən Kalelya şəhərciyində baş tutdu. 3500-dən çox idmançının qatıldığı yarışa start səhər saat 8-də verildi. Əvvəlcə mənim üçün vacib olan vaxt nəticəsi deyil, ümumiyyətlə marafonu qət etmək idi.

Lakin yarışma tarixi yaxınlaşdıqca özümə inamım gücləndi və qarşıma məsafəni 12 saata keçməyi məqsəd qoydum. İlk mərhələ olan üzgüçülüyü 1 saat 7 dəqiqəyə keçməyi bacardım. Bu, yalnız xəyal edə biləcəyim nəticə idi. 4 dəqiqədən sonra artıq velosipeddə idim. Velomarşrut iki 90 km-lik dairədən ibarət idi. Birinci 90 km-lik dairəni qət edib döngəyə yaxınlaşdıqdan sonra azarkeşlər arasında oğlumu, həyat yoldaşımı və dostlarımı gördüm.

Onların dəstəyi mənə inanılmaz bir motivasiya verdi və mən 5 saat 7 dəqiqə ərzində 180 km-lik velosiped yolunu qət etdim. Bütün bu müddət ərzində özümü uzun marafona hazırlayırdım. Məşqçimin mənimlə bölüşdüyü biliklər sayəsində güc paylama taktikamı yaratmışdım.

Yarışın qaçış mərhələsi hər biri 14 km olan 3 dairədən ibarət idi. 4 saatdan çox qaçaraq finiş xəttini düşünmək özü özlüyündə böyük bir mental işdir. Demək olar ki, gücüm yox idi, amma özümü təslim olmamağa məcbur edirdim.

Beləliklə, 42-ci km başa vurub Azərbaycan bayrağını başımın üstündə qürurla qaldıraraq finiş xəttinə tərəf qaçdım. Orada oğlum əlində medal ilə məni gözləyirdi. O an yaşadığım duyğuları sözlə ifadə etmək mümkün deyil. Sən artıq “Dəmir Adamsan”! 

– Beləliklə, Siz Azərbaycanda 9-cu IRONMAN oldunuz. Qələbənizi necə şərh edə bilərsiniz?

– Bu, sağlam həyat tərzinə çağırışımda məsuliyyətimi artırdı və yeni nəticələr əldə etməyə təkan verdi. Hal-hazırda triatlonla məşğul olmağa başlayanları motivasiya etməyə çalışıram, çünki ölkə miqyasında elə də çox deyilik.

Mənim IRONMAN olmağımda idman yoldaşlarımın böyük rolu oldu, buna görə onlara sonsuz minnətdaram. İndi isə digərlərini həvəsləndirmək və dəstəkləmək mənim vəzifəmdir. Hal-hazırda ironman.az saytı üzərində işləməyə davam edirik. Burada oxuculara yerli idmançıların göstəriciləri, məşqçilər, klublar və komandalar haqda, həmçinin yeni və faydalı məlumatlar təqdim olunur. 

– Sizə uğurlar və yeni nailiyyətlər arzulayırıq!

– Çox sağ olun! Triatlon haqqında çox danışmaq olar, amma məşq zamanı olduğundan, getməliyəm. Hər kəsə sağlam və güclü olmağı diləyirəm!