ÇıxışYolu.Com – Pakistanın “Dəmir Qadın”ı Bakıda

Baxış sayı: 2. 300 dəfə baxılıb.

ÇıxışYolu.Com - Pakistanın “Dəmir Qadın”ı Bakıda

Pakistanın BMT-dəki xoşməramlı səfiri Muniba Mazari Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Milli paralimpiya Komitəsinin dəvəti ilə Bakıda səfərdədir.  

ÇıxışYolu.Com xəbər verir ki, o, Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkil etdiyi “Yenilməzlər” beynəlxalq qala təqdimatına və V Uşaq Paralimpiya Oyunlarına qatılmaq üçün şəhərimizin qonağıdır.  

Bir neçə gün Bakıda olacaq Muniba Mazari noyabrın 13-də Gənc Tamaşaçılar Teatrında baş tutacaq “Yenilməzlər” tədbirində təqdimatla çıxış edəcək. Muniba xanım 14 noyabr tarixində baş tutacaq V Uşaq Paralimpiya Oyunlarını da izləyəcək.  

Pakistanın “Dəmir Qadını” adlandırılan Muniba Mazari 3 mart 1987-ci ildə anadan olub. O, 2007-ci ildə 20 yaşı olarkən ağır yol qəzası nəticəsində ağır xəsarətlər alaraq yerimək qabilliyyətini itirib.  

Qəza nəticəsində bədəninin bir çox nahiyələrindən ciddi zədə alaraq nəinki gəzmək, hətta bir müddət çox sevdiyi rəsm çəkməkdən belə məhrum olub. Qəzadan sonra onun həyatında çətin günlər başlayıb. İki il ərzində yatağa məhkum olan Mazarinin həyat yoldaşı onunla ayrılaraq, övladlığa götürdükləri oğulları Nil ilə yalnız buraxıb.  

Yalnız həyat yoldaşı yox, Mazarinin atası da bu çətin anlarda ailəsini tərk edib. Ancaq onun güclü iradəsi həyatın gətirdiyi çətinlikləri dəf etməyə yardımçı oldu. O artıq əlil arabasından istifadə edərək yenidən sevimli işi ilə məşqul olmağa başlayıb.  

Aktiv fəaliyyətə başlayan Mazari Pakistan telekanallarından birində aparıcı kimi fəaliyyətə başlayandan sonra ölkəsində məhşurlaşmağa başlayıb. Eyni zamanda rəssamlıq fəaliyyətini də davam etdirərək “Munibanın Kətanı” brendi adı altında fəaliyyət göstərən M.Mazari aktiv ictimai fəaliyyətini həyata keçirməkdədir.  

O, bir çox sosial lahiyələrin iştirakçısı olaraq uşaq zorakılığı və cinsi bərabərsizliyə qarşı maarifləndirmə işlərində aktiv iştirak edir, uşaqların təhsil hüquqlarının həyata keçirilməsinə çalışır. Muniba Mazari Pakistanın əlil arabası istifadəçisi olan ilk incəsənət xadimi və bu ölkənin BMT-dəki xoşməramlı səfiri olan ilk qadın təmsilçisidir.  

O, həmçinin, BBC tərəfindən 2015-ci ilin ən nüfuzlu 100 qadını siyasına daxil edilib. Eyni ildə Forbes jurnalının “30 yaşdan aşağı 30 ən uğurlu şəxs” siyahısına salınıb.