Azərbaycanın oğlan və qızlardan ibarət qarışıq paracüdo millisi Avropanın ən güclü komandası adını qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, paracüdo millimiz İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatının komanda yarışlarında I yerə çıxıb.
İdmançılarımız komanda yarışlarında Türkiyəni 5:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda Rusiya komandasını 4:3 hesabı ilə məğlub edən paracüdoçularımız finalda yarışmaq şansı qazanıb.
Finalda isə millimiz Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) yığma komandası ilə görüşüb.
Azərbaycan komandası dörd ölkədən (Almaniya, Fransa, Yunanıstan və Rumıniya) beş cüdoçu ilə təmsil olunan IBSA yığmasını 6:0 hesabı ilə məğlub edərək Avropanın ən güclü komandası olub. Daha əvvəl kişi komandaların yarışında Avropa çempionu olmuş millimiz qarışıq komandalar üzrə keçirilən ilk yarışın da birincisi olmağı bacarıb.
Milli komandamız adından tatamiyə çıxan idmançılarımız İlham Zəkiyev (+100 kq), Hüseyn Rəhimli (-81 kq), Bayram Mustafayev (-66 kq), Dürsədəf Kərimova (+70 kq), Xanım Hüseynova (-63 kq) və Səbinə Abdullayeva (-52) olub.
Azərbaycan komandasına medalları Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov təqdim edib.
Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bu yarışda iştirak edən paracüdoçularımız daha öncə fərdi yarışlarda 10 medal (bir qızıl, dörd gümüş və beş bürünc) qazanmaqla Avropada IV nəticəni göstərmişdi.
Səbuhi Musayev