ABŞ-ın dövlət katibi Mayk Pompeo Tehranı şəxsən xəbərdar edib. O, amerikalı hərbçilərin həlak olacağı təqdirdə, bunun Tehran üçün ağır fəsadlara yol açacağını bildirib.
Bu barədə “The Washington Post” yazır.
Onun sözlərinə görə, bir amerikalı əsgərin belə ölümü ilə nəticələnəcək (Tehranın və ya onun müttəfiqlərinin atacağı) istənilən addım ABŞ-ı əks tədbirlər görməyə, güc tətbiq etməyə vadar edəcək.
M.Pompeonun belə sərt ismarıcına İran tərəfdarlarının regionda olan amerikalı əsgərlərə hücumlar həyata keçirmək niyyəti ilə bağlı kəşfiyyat məlumatlarının daxil olması səbəb olub.
Xatırladaq ki, iyunun 18-də ABŞ Müdafə naziri vəzifələrini icra edən Patrik Şenahan Yaxın Şərqə əlavə min nəfərlik hərbi kontingentin göndərilməsini təsdiqləyib. Bununla bağlı qərar Oman körfəzindən neft tankerlərinə hücumdan sonra qəbul olunub. Vaşinqton hücuma görə İran tərəfini təqsirləndirir.