Azərbaycanda Ədliyyə Nazirliyinin Probasiya Xidmətində qeydiyyatda olan 2000-dən artıq məhkuma elektron qolbaq tətbig edilib.
Bu barədə ÇıxışYolu.Com-ya eksklüziv müsahibəsində Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, Azərbaycan Respublikasının Baş probasiya məmuru, baş ədliyyə müşaviri Akşin Ziyadov bəyan edib.
– Probasiya İnstitutunun qurulması prosesi və onun əsas fəaliyyət istiqamətləri barədə məlumat verin.
– Azərbaycanda Probasiya Xidməti Prezident İlham Əliyevinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral sərəncamına uyğun olaraq Ədliyyə Nazirliyininin tərkibində yaralıdlıb. Probasiya İnstitutunun effektivliyini təmin etmək üçün bir sıra Avropa ölkələrinin müsbət təcrübələri öyrənilib, həmçinin beynəlxalq standartlar nəzərə alınıb.
Cəzaların Icrası Məcəlləsinin yeni 15-1-ci maddəsinə əsasən Probasiya Xidmətinə cərimə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının icrasının təşkili həvalə edilib.
Bundan başqa, Xidmətə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza çəkməsi təxirə salınmış şəxslərə, həmçinin cəza ilə yanaşı (azadlıqdan məhrum etmə istisna olmaqla) alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə nəzarət tapşırılıb. Bundan başqa biz inzibati tənbeh növündə məhkəmə tərəfindən təyin olunmuş ictimai işlərin icrasının təşkili ilə məşğul oluruq. Probasiya Xidmətinin üzərinə həmçinin məhkumların sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vəzifəsi qoyulub.
Qanunvericilikdə nəzərəçarpacaq yenilik azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxslərə, habelə şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə münasibətdə elektron nəzarət vasitələrinin tətbiqi olub. Bu proses 2018-ci ilin aprel ayında məhkumlara və qətimkan tədbirləri tətbiq olunmuş şəxslərə münasibətdə bu vasitələrin siyahısı və qaydalarını təsdiqləyən hökumətin qərarının qüvvəyə minməsindən sonra başlayıb.
– Ötən müddət ərzində görülən işləri necə qiymətləndirirsiz?
– Xatırladım ki, dövlət Başçısının 2017-ci il 10 fevral sərəncamında vurğulanıb ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.
Statistik məlumatların təhlili bu sahədə müsbət tendensiyaların, Probasiya orqanlarının səlahiyyətinə aid məhkumların sayında dinamik artımın olduğunu göstərir. Belə ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Probasiya Xidmətinin qeydiyyatında olan şəxslər 24 faiz artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8,2% daha çox məhkum qeydə alınıb.
Cari ilin 9 ayında belə məhkumlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% çox qeydiyyata alınıb.
Heç şübhəsiz ki, alternativ cəza növlərinin, həmçinin Probasiya qeydiyyatına daxil olan məhkumların sayının artması Azərbaycan Prezidentinin təkcə dövlətin cəza siyasətini humanistləşdirmək təşəbbüslərinin həyata keçirilməsinin göstəricisi deyil, həm də hakimlərin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan hökmlərin səmərəli icrasını təmin edən bir quruma inamın artmasının nəticəsidir.
– Eşitmişəm ki, elektron qolbaqlar Azərbaycanda istehsal olunur.
– Bəli, elədir. Elektron monitorinqin təmini üçün qısa müddət ərzində bu qurğuların istifadəsi, onların növləri, proqram təminatı, onların ölkəmizdə istehsal imkanları və texniki xidməti ilə bağlı beynəlxalq praktika öyrənilib.
Nəticədə yerli istehsalçı tərəfindən elektron nəzarət vasitələrinin istehsalına qərar verildi və artıq 2018-ci ilin yanvar ayında onların sınağına və pilot qaydada istifadəsinə başlanıldı. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın elektron qolbaqları keyfiyyətinə görə Avropadakı analoqlarından geri qalmır.
– Elektron qolbaqlar – azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxslərə nəzarət üçün yeganə vasitədir, yoxsa digər üsullar da mövcuddur?
– Xaricdə praktiki olaraq bütün probasiya proqramları elektron müşahidənin bu və ya digər növündən istifadə edir. Cəzalarını çəkən və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilənlərə uzaqdan monitorinq Penitensiar sistemin xərclərinin azaldılması üçün ən geniş yayılmış üsullardan biridir. Alternativ hökmlərin icrasında maliyyə mənbələrinə qənaət etməkdən əlavə, elektron monitorinq bir sıra üstünlüklərə malikdir: Qanun pozucuları iş yerlərini saxlayır, ailədə olurlar, sosial əlaqələri itirmirlər. Elektron müşahidə çoxsəviyyəli tədbirlər sistemini istifadə etməyə və residivin qarşısını almaq məqsədilə nəzarətə imkan verir.
Aydındır ki, elektron nəzarətin istifadə sferası genişlənə bilər. 2019-cu ilin oktyabr aynında biz pilot qaydada Ədliyyə Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları İdarəsindəki həmkarlarımızla birlikdə ictimai işlərə məhkum edilmiş şəxslərə nəzarət etmək üçün nəzərdə tutulmuş elektron cizazların yeni növünün sınağına başladıq. Bu qurğular iş yerinə gələndən sonra onu barmaq izi ilə aktviləşdirən məhkumlara verilir.
Bundan sonra Probasiya Xidmətinin Elektron Monitorinq Mərkəzinə siqnal gəlir və ictimai işlər üçün təyin edilmiş yerin hüdudları çərçivəsində məhkuma nəzarət həyata keçirilir, həmçinin işlədiyi saatların elektron qeydiyyatı aparılır. Bununla əlaqədar olaraq, Cinayət Məcəlləsinə, Cəzaların Icrası və Inzibati xətalar məcəllələrinə müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi təqdim etmişik. Bütün bunlar nəticədə hüquq mühafizə sisteminə yüklənməni azaldacaq, azadlıqdan məhrum etmə yerlərində cəzalarını çəkən şəxslərin sayınını azaldılmasına imkan verəcək, ölkəmizdə cəza siyasətinin effektivliyin artmasına və optimallaşdırılmasına şərait yaradacaq.
– Elektron idarəetmə sistemlərindən səmərəli istifadə vahid informasiya sistemi olmadan mümkün deyil.
– Əlbəttə. Hal-hazırda beynəlxalq tələblərə cavab verən “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” vahid informasiya sisteminin tam tətbiqi üzərində iş aparılır. Sistem cəzaları icra edən orqanlar və müəssisələr arasında real vaxt rejimində qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir, həmçinin elektron formatda məhkumların uçotu, sənədləşmənin və şəxsi işlərinin qeydiyyatına imkan verəcək, bu da Probasiya Xidmətinin əməkdaşlarının üzərinə düşən iş yükünün azalmasına və effektivliyinin artmasına imkan verəcək.
Bu sistem eyni zamanda müvafiq dövlət informasiya sistemləri ilə inteqrasiyanı və süni intellektin tətbiqini də nəzərdə tutur.
– Bəs Probarsiya Xidmətinin əməkdaşları necə həvəsləndiriləcəklər?
– Qeyd etmək istərdim ki, Ədliyyə işçilərinin sosial müdafiəsi məsələləri hər zaman dövlətin diqqət mərkəzində olub. Cari ilin sentyabrın 1-dən hökumətin qərarı ilə Nazirliyini Əməkdaşlarının vəzifə maaşları artırılıb. Ədliyyənin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramına uyğun olaraq, işçilərimizin maddi təminatını yaxşılaşdırmaqla bağlı bir sıra kompleks tədbirlərin nəzərdə tutulduğu ədliyyə orqanlarında qulluq keçmə haqqında qanuna dəyişiklik layihəsi ölkə Parlamentinə təqdim edilib.
Probasiya işçilərinin sosial təminatını və struktur qurumlarının texniki təchizatını gücləndirmək məqsədilə Probarsiya Xidmətinin Xüsusi Fondunun yaradılması haqqında qanun layihəsi təqdim edilib. Bu fondun cərimələr və islah işləri növündə cəzaların icrası nəticəsində dövlət büdcəsinə ödənilmiş məbləğdən ayırmalar hesabına formalaşdırılması təklif olunur. Hesab edirəm ki, ilkin mərhələdə müsbət nəticələr əldə olunub və qarşıda qoyulan məqsədlərin reallaşması Azərbaycanda Probasiya İnstitununun uğurlu inkişafına şərait yaradacaq.
– Noyabrın 22 – Ədliyyə işçilərinin peşə bayramıdır, bu münasibətlə sizi təbrik edirəm.
– Çox sağ olun. Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı ərəfəsində bütün həmkarlarımı təbrik etmək istəyirəm, onlara işlərində uğurlar arzulayıram, həmçinin Probasiya Xidmətinin əməkdaşlarının cəza siyasətinin humanistləşdirilməsi sahəsində və məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrasının effektiv təşkilində ölkə rəhbərliyinin tələblərini yerinə yetirmək üçün bütün gücünü sərf edəcəyinə əminliyimi ifadə etmək istərdim.
– Maraqlı müsahibəyə görə təşəkkür edirəm.
– Mən təşəkkür edirəm.
Ramella İbrahimxəlilova
Ramella İbrahimxəlilova