ÇıxışYolu.Com - ProMete: Xoşqədəmlə Zaur heç kimə yardım etmir, efirdə şou göstərir

ÇıxışYolu.Com – ProMete: Xoşqədəmlə Zaur heç kimə yardım etmir, efirdə şou göstərir

Baxış sayı: 3. 226 dəfə baxılıb.

Keçmiş “H.O.S.T” qrupunun üzvü, repçi Pərviz İsaqovun (ProMete) ÇıxışYolu.Com-ya müsahibəsi:

– Mete ilə Pərvizin fərqi…

– Rəsmiyyət və səmimiyyət. Biri hadisələrə daha rəsmi, digəri daha səmimi yanaşır. 

– “H.O.S.T”dan ayrılandan sonra Metenin həyatında nələr dəyişdi?

– “H.O.S.T”un fəaliyyətini dayandırması mənim evləndiyim ərəfəyə düşür. O ərəfədə fəaliyyətimi biznes yönündə inkişaf etdirməyə başladım. Beləcə, ailə və biznes məsələlərinə fokuslandım. O zaman köhnə mahnılardan ibarət bir albom yazdırdım. Elə bu albomdan sonra beş-altı ildir ki, fasilədəyəm. Lakin sinqllar buraxıram, keçən ildən hazırlamağa başladığım bir albom da var, onu bu il yekunlaşdırmağı planlaşdırıram. 

– Albomların satılır?

– Bəli. Disk şəklində albomları az sayda buraxıram. Daha çox “itunes”, “spotify” kimi rəqəmsal proqramlar üçün albomlar hazırlayıram. Daimi gəlir var. Hər ay hansısa yeni hesabatlar gəlir. Baxıb görürəm ki, insanların marağı var. Amma bu gün nəinki Azərbaycanda, eləcə də, bütün dünyada keyfiyyət yox, davamlılıq önəmlidir kimi bir tendensiya var. Mütəmadi olaraq kontent buraxırsansa, deməli, dinləyicilər sənə maraq göstərir, izləyir. Hətta keyfiyyətsiz iş belə ortalığa çıxarsan, onların diqqətini yenə cəlb edəcəksən. 

“Itunes”dan nə qədər gəlir əldə edirsən?

– Bir mahnını bir nəfər yükləyəndə 1 dollar, albomdan isə 10 dollar qazanıram.

ÇıxışYolu.Com - ProMete: Xoşqədəmlə Zaur heç kimə yardım etmir, efirdə şou göstərir

– Dedin ki, şəxsi biznesin var. Nə işlə məşğul olursan?

– Mən bir prodakşn sahibiyəm. Kino və reklam sahəsində işlərim var. Son zamanlar film “soundtrack”ləri üzərində işləyirəm. Amma ümumi götürəndə, video və audio sənayesinə girişmişəm. Hələ də bu istiqamətdə işlərimi davam etdirirəm, kifayət qədər uğurlu gedir. 

– Azərbaycanda bu sahədən yetərincə pul qazanmaq olur?

– O qədər yaxşı pul qazanmaq olur ki, altı ildən sonra geri dönüb albom hazırlayıb, çıxara bilirsən (gülür).

– Niyə Azərbaycanda rep sanki rəhmətə gedib?

– Deməzdim. Hər dövrdə repin müəyyən dinləyici kütləsi olur ki, onların istədiyi rep məzmununu, kontentini yeni nəsil reperlər verir. Yeni çıxan bir sıra reperlər var ki, onların yetərincə böyük auditoriyası var.

“Rəhmətə gedib” məqamının birbaşa cavabı odur ki, sizin zamanınızın reperləri indi aktiv fəaliyyətdə deyillər. Sizin dinləmədiyiniz reperlər aktivdirlər. Dinlədiyiniz reperlərin aktivliyinin azalmasının səbəbi Azərbaycanda repin o qədər də gəlirli janr olmamasıdır. Rep pop kimi gəlirli sahə olsaydı, məsələn, bu sahənin ifaçıları toya getsəydi, o zaman bu janr digərlərindən daha öndə və populyar olardı. Nümunə olaraq, Ramil Nabran və Nadir Nağd Pulu göstərmək olar.

Repçilər özlərinə sığışdıra bilmirlər ki, onların ifaları altında kimsə restoranda oturub kabab yesin. Repçilərin əsas mövzusu sosialdır. Kim istəyər ki, restoranda oturub yeyib, içib dincələndə suyum, qazım gəlmir kimi sosial yönümlü problemlər eşitsin? İnsanlar restorana yemək yeməyə gedir, “Can canadır, can cana” kimi yüngül mahnı sədaları altında dincəlməyə üstünlük verir. Yedi, oynadı, tərlədi, getdi evə. Gimnastika.

QARAQANLA İNDİYƏ KİMİ DANIŞMIRIQ

– “H.O.S.T” qrupunda gözə daha çox Qaraqan görünürdü. Siz isə sanki onun kölgəsində qalmışdınız. 

– Bu, düz ifadə deyil. Ən aktiv üzvümüz – istər ideoloji, istər yazmaq və görünmək tərəfdən Qaraqan idi. Kölgəsində qalmaq fikrinə gəldikdə isə, qrupda olanda heç kəs heç kimin kölgəsində qalmır. Qrupda hər kəsin öz vəzifəsi olur. Danılmaz faktdır ki, hamımızdan öndə elə indi də Elxandır. Bizim indi də münasibətimiz və əlaqəmiz yoxdur. Səbəb isə şəxsi məsələlər, uzlaşlaşmamağımızdır.

ÇıxışYolu.Com - ProMete: Xoşqədəmlə Zaur heç kimə yardım etmir, efirdə şou göstərir

– Rep həm də azadlığın təcəssümüdür. Mete özünü nə dərəcədə azad hiss edir?

– Mən yetərincə azadam. Bunu deməyim, çünki mənə filan şeyi deyəcəklər kimi düşüncəm yoxdur. İstədiyim şeyi istənilən mövzuda söyləməkdə azadam. Mən də, həyat yoldaşım da, uşağım da tam azad düşüncəliyik. Ailəmdə hamının sözü, fikri dinlənilir.

– Adətən, evli olanlar subaylara evlənməməyi məsləhət görür. Metenin bu mövzuda məsləhəti nədir?

– Əziz qardaşlar və bacılar, evlənib-evlənməməyə özünüz qərar verin. Sizin yerinizə bu qərarı heç kəs verməli deyil. Bir ailəli kimi deyə bilərəm ki, əlim yağa da batıb, bala da.

– Tolerantlıq sənin üçün nədir?

– Mete danışan, deyəndir. Cəmiyyətdə əgər hamı bir-birini dinləyib, həqiqətlərini qəbul edə bilirsə, bundan böyük tolerantlıq yoxdur. Çünki hər kəsin özünün həqiqəti var.  

– Bəs tabu?

– Qeyri-səmimilik.

ZORLANMA HADİSƏLƏRİNİ TV-LƏR TƏBLİĞ EDİR

– Hər həftə zorlanma, təcavüz barədə xəbərlər eşidirik. Səncə, atanın öz qızına təcavüz etməsinin, yaşlı kişilərin qızları, lap elə azyaşlı oğlanları zorlamasının bu qədər geniş yayılmasının səbəbi nədir?

– Televiziyalar təbliğ edir ki, belə hadisələr baş versin.

– Televiziyalar nə təbliğ edir?

– Televiziyalar kriminal təbliğ edir. Xatırlayırsınızsa, 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində biz kriminal xəbərləri xəbərlər verilişində görmürdük. Misal üçün, ANS TV-də “İç xəbər” verilişi var idi. Ayrıca qatı açılmamış cinayət verilişləri var idi. Yəni bu verilişlər gecə saatlarında yayımlanırdı. Yalnız böyüklər oturub analiz edə bilirdi, uşaqlar yox. Amma indi uşaq və ya böyük saatı deyə bir şey yoxdur, istər gündüz, istərsə də axşam yayımlanan informasiya proqramlarında kriminal xəbərlərə rast gəlirik.

Dünyadakı dəyərlər dəyişib. Bu kimi şeyləri təbliğ etdikcə, cəmiyyətdə neqativ hallar da çoxalır. Cinayətlərin, ailə-məişət problemlərinin artmasının 70-80 faiz səbəbkarı televiziyalardır.

Biz ölkənin 100 faizi deyilik. Yəni digər rayonlarda, şəhərlərdə, kəndlərdə olan əhali televiziyaya baxır. Deməli, hələlik televiziyaların gücü yetərincədir. Sadəcə, televiziyalardakı verilişlərin mövzuları əvvəlki kimi deyil. Tərbiyə aşılayan verilişlər artıq yoxdur. Daha bayağı, daha primitiv verilişlər yayımlanır. Bu da avtomatik nə deməkdir? Bizim evimizə bu formalı kontent girir, bu formalı kontentə öyrəşirik. Bu formalı düşüncə tərzi yaranır.

ÇıxışYolu.Com - ProMete: Xoşqədəmlə Zaur heç kimə yardım etmir, efirdə şou göstərir

MTRŞ ANCAQ LİSENZİYA VERİB, LİSENZİYA ALIR

– Dedin ki, bayağılıq çoxdur. Əslində, bu, yeni bir fikir deyil. Çünki məhz bu səbəbdən TV-lərdə Bədii Şuralar yaradılıb. Onların fəaliyyətini necə dəyərləndirirsən?

– Televiziyanın Bədii Şurası heç nəyi həll edə bilməz. Bu, mümkün deyil. Ümumi bir qurum olmalıdır. O qurum da qərarverici bir qüvvəyə malik olmalıdır. Deməyim budur ki, biz ölkədə dəvədən böyük fil anlayışı ilə yaşayırıq.

Milli Televiziya və Radio Şurası (MTRŞ) həll edə bilirmi hansısa bir məsələni? Ancaq lisenziya alıb-verə bilir.

MTRŞ Fateh ilə Rəvanın barəsində hər hansısa fikir bildirir, amma “Xəzər”dəki və ya ATV-dəki bayağı veriliş haqqında dillənmir. Nədir bunun səbəbi? Ölkənin ən çox dinlənilən iki radio şousu var – birini səhər Fatehlə Rəvan, digərini isə axşam Tural Yusifov aparır. MTRŞ də “lazım olanda” məhz elə bu iki verilişə ilişir. Niyə digərlərinə ilişmir? Xeyirdirmi? Deməli, burada haradasa görünməyən tərəflər var.

XOŞQƏDƏM VƏ ZAUR KİMƏSƏ YARDIM ETMİR, EFİRDƏ ŞOU GÖSTƏRİR

– Bir çox insan probleminin həlli yolunu Xoşqədəm və Zaurda görür. Səncə, bunun səbəbi nədir?

– İnsanlar düşünməlidirlər ki, doğrudan da, Xoşqədəmlə Zaur bu məsələləri həll etmək gücündədirlərmi? Və ya doğrudan da, çətin həll olunası problemlər var idi və Zaurla Xoşqədəm həll edə bildi. Bəlkə, şoudur? Mən uzun zamandır TV-lərlə işləmədiyimə görə, çox da dərin informasiyam yoxdur. Amma mənə elə gəlir ki, bütün bunlar şoudur, nəinki yardımçılıq və yardımsevərlik.

– Cəmiyyətimizdə belə bir fikir var ki, meyxanaçılar və repçilər narkomandırlar. Sən heç narkotikdən istifadə etmisən?

– Bir çox repçi və meyxanaçılar narkotik vasitələrdən istifadə edirlər. Ot çəkənlər isə başqa bir mövzudur. Söhbət marixuanadan gedir. Bu tipli ot bir çox ölkələrdə leqaldır.

Səmimi deyim ki, mən heç bir narkotik vasitədən istifadə etmirəm. İstifadə etsəydim, yetərincə açıq formada deyərdim ki, ot, heroin, kokain çəkirəm. Amma bu gün-sabah 33 yaşım olacaq, nəinki narkotik vasitə, heç siqaret belə çəkməmişəm.

Sözün həqiqi mənasında od olmayan yerdən tüstü çıxmaz. “Azərbaycan repi və meyxanası bu gün narkomanlardan ibarətdir” deyilməsinin səbəbi elə bu sahənin nümayəndələrinin özləridir. Burada qeyri-adi bir şey yoxdur. Demək, çəkirlər, demək, istifadə edirlər. Onu da görən olur. 

HAMIMIZIN ANARA VƏFA BORCU VAR

– Anar Nağılbaza repin atası deyirdilər. O rəhmətə gedəndən sonra nə dəyişdi?

– Bəzi maskalar cırıldı. Məsələn, Elşad Xosenin Anara olan münasibəti acınacaqlıdır. Elşada hələ də hörmət edirəm. Həmişə də hörmət edəcəyəm. Lakin Dado ilə Elşad Anar haqqında xoşagəlməz bir video çəkmişdilər. Bu videonu izlədikdən sonra sarsıntı keçirdim. Təsəvvür eləməyə çalışdım ki, mən hər hansısa bir vəziyyətə düşsəm, sənət yoldaşlarımdan kimsə götürüb o cür video çəksə, mən də sarsılaram.

Anar Nağılbaz son günlərdə özünə qapandı. Özünü içkinin ağuşuna atdı. Hamımızın Anara bir vəfa borcu var. Biz öz vəfamızı göstərməli idik, lakin gec tərpəndik. Anar isə özünü yeyib-bitirdi. Elşad Murad Arifin “Popumuz var” verilişində demişdi ki, bu, bir zarafatdır. Amma zarafat ictimai formada olmur. Camaat arasında bunu etmək heç düzgün hərəkət deyildi. İstənilən halda Anarın ölümünə səbəb Elşad Xose deyil. Bunu özünə vicdan yükü eləməsin.

– Hamı cəmiyyətimizdə nələrinsə çatışmadığından şikayətlənir. Bəs ideal cəmiyyət varmı?

– Bəzi ölkələrdə ideala yaxın cəmiyyət var. Misal üçün, İslandiya. Son zamanlar bu ölkəni daha da dərindən izləməyə başlamışam. Bu ölkədə hər şeyə adil və ədalətli yanaşırlar. Seksual azlıqlara belə sadə və sakit yanaşırlar. Bir ölkədə hər kəsin öz rolu var və bu, bir mexanizm kimi işləyir. Bu mexanizmi idarə edən başlar, beyinlər var: siyasətçilər, sosioloqlar.

Onlar cəmiyyətin həyatına kömək etməlidirlər, mane olmalı deyillər. Əksər ölkələrdə bu, maneə formasında baş verir. Bizdə də çox mərhələlərdə maneə formasındadır. Özümüz özümüzün işinə gözəl şəkildə qarışa bilirik. Evdən çıxanda çöldə nə deyərlər düşüncəsi ilə geyiniriksə, deməli, qonşu bizim həyatımıza yetərincə barmaq edə bilir, öz fikirləri ilə bizim işimizə qarışa bilir. Əsas düşüncə dəyişilməlidir. Bizim cəmiyyətdə düşüncə hələ də dəyişilməyib. 

ÇıxışYolu.Com - ProMete: Xoşqədəmlə Zaur heç kimə yardım etmir, efirdə şou göstərir

“Avroviziya-2019”da Azərbaycana qarşı səhvin günahkarı təşkilat komitəmiz idi

Avroviziya-2019da ölkəmizi müğənni Çingiz Mustafayev təmsil etdi. Səncə, layiqincə təmsil edə bildi?

– Bir-iki nəfəri çıxmaq şərtilə, “Avroviziya” təmsilçilərimizə orada qazandıqları şan-şöhrət lazım olmadı. Sadəcə getdilər, çıxış etdilər, vəssalam. Məsələn, Safura, Fərid, Aysel… Onlar ailə qurduqdan sonra kənara çəkildilər.

Səmraya “Avroviziya” nə qədər lazım idi, bilinmir. Səmra onsuz da elədiyini edir. Kliplərini də çəkir, mahnılarını da oxuyur. Dilarə də bu işdə həmkarlarından geri qalmır. Onların arasında yüksək istedada malik yalnız Elnur ilə Samir idi.

Çingizə gəldikdə isə, bu yarışmada iştirak etmək onun özünə daha çox lazım idi, nəinki digərlərinə. Bu yarışın Çingizə böyük köməyi olacaq. Mustafayev keyfiyyətli ifaçıdır. Keyfiyyətli mahnılar yazır. “Avroviziya”da qazandığı şöhrət müəyyən mənada onun sənətinə kömək olacaq. Amma o, bu şöhrətdən digər həmkarları kimi sui-istifadə edəcəkmi, buna əminliklə “yox” deyə bilərəm.

– Yarışmada Azərbaycana qarşı iki kobud səhv oldu. Öncə mətbuat konfransında bayrağımız tərs qoyuldu, daha sonra yayımlanan postkartda Azərbaycanın xəritəsi Qarabağ və Naxçıvansız nümayiş olundu. Səncə, bunun məsuliyyətini kimi daşıyır?

– Bayraqda gözdən qaçma məqamı ola bilər. Bu, başqa zamanlarda da olmuşdu. Xəritədə isə o cür səhv təxribat yox, bilavasitə bizim “Avroviziya” ilə bağlı olan təşkilat komitəsinin tənbəlliyinin nəticəsidir.

İsrail bu səhvi buraxa bilərdi, amma hamı bilir ki, hansı mərhələlər olacaq, efirə nələr gedəcək. Bunlar bir-bir bizim komitə tərəfindən yoxlanılmalı idi. Bu səhvlərdən nəticə çıxarmaq lazımdır. 

Rəşad Əliyev