“Qarabağ” klubu bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq.
ÇıxışYolu.Com xəbər verir ki, təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin APOEL klubunu qəbul edəcək.
Kiprdə baş tutan ilk qarşılaşmada “Qarabağ” rəqibini 2:1 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib və almaniyalı mütəxəssis Tomas Doll ilə iki illik müqavilə bağlayıb.
Dünən Ağdam klubunun yaydığı məlumata görə, qarşılaşma üçün satışa çıxarılan biletlərdən 24 mini satılıb. Bu gün isə qalan altı min biletin satılacağı proqnozlaşdırılır.
Qarşılaşmanı Almaniyadan olan hakimlər briqdası idarə edəcək. Baş hakim 35 yaşlı Daniel Sibert olacaq. Ona yan xətdə Yan Seydel və Lasse Koslovski kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Hakimlərin işinə Danimarkadan olan Yorn Vest Larsen qiymət verəcək. UEFA nümayəndəsi isə Velid İmamoviç (Bosniya və Herseqovina) olacaq.
“Qarabağ” APOEL səddini keçsə, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və Çempionlar Liqasının “pley-off” mərhələsində “Ayaks” (Niderland) – PAOK (Yunanıstan) cütünün qalibi ilə görüşəcək. Bu cütlüyün ilk oyunu 2:2 hesabı ilə başa çatıb.
Əgər təmsilçimiz Kipr klubunu keçə bilməsə, Avropa Liqasının “pley-off”unda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin ilk oyununda “Linfild” 2:1 hesablı qələbəyə sevinib.
Samir İsayev