Azərbaycan I divizionunda maraqlı hal yaşanıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, “Azersun Arena”da “Qarabağ-2” “Neftçi-2”ni qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı Ruslan Abışov açsa da, Musa Qurbanlı bərabərlik qolunu vurub. Oyuna əlavə olunmuş yeddinci dəqiqədə isə “Qarabağ-2” qələbə qolunu vurub.
Bir dəqiqə əvvəl baş hakim Kamal Umudlunun qərarına etiraz etdiyi üçün sarı vərəqə almış “Qarabağ”ın futbolçusu Toral Bayramov qola sevinərkən formasını çıxarıb. Bu isə qaydalara zidd olduğu üçün həmin oyunçu ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Maraqlıdır ki, həmin futbolçu qolda yaxından iştirak etməyib. Bu üzdən onun qol vurularkən formasını soyunması dünya futbolunda nadir rast gəlinən hadisələrdən biridir.
Səbuhi MUSAYEV