Avropa Liqasının V turunun “Sevilya” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, noyabrın 28-də baş tutacaq matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi milliyyətcə ərəb olan Məhəmməd Əl-Hakim olacaq. 1985-ci ildə İraqın Nəcəf şəhərində doğulmuş Əl-Hakim hələ bir yaşı olanda valideynləri tərəfindən üç qardaşı və bir bacısı ilə birgə İranla müharibəyə görə ölkəni tərk etməli olub.
Müxtəlif ölkələrdə məskunlaşan ailə Əl-Hakimin səkkiz yaşı olanda (1993-cü il) İsveçə pənah gətirib və burdakı Çöpinq şəhərində məskunlaşıb.
Müsahibəsində o bu barədə bunları deyir:
“Sonuncu səfərimiz Baltik dənizi vasitəsilə qayıq ilə idi. Qayıqda getmək çətin idi. Biz bilmirdik ki, sağ qalacağıq, ya yox. Bizdən qabaq hansısa qayıq aşmışdı. Çoxlu inləyənlər vardı, hamı bir-birinin üstündə uzanmışdı. Dəhşət idi. Kiçik bir qayıqda 450 insan yerləşdirilmişdi. Bunların da təxminən 80-i uşaqlar idi”.
İsveçdə futbol oynayan Əl-Hakim 13 yaşından qardaşları kimi hakimlik etməyə başlayır. O, oğlan və qızların yarışlarında hakimlik edir. 19-20 yaşında aldığı zədədən sonra futbolçu karyerasını başa vurub, bütün gücünü hakimliyə verir.
2008-ci ildə peşəkar hakim olan Məhəmməd 2012-ci ildən İsveç elitasının oyunlarını idarə etməyə başlayır. 2015-ci ildən FIFA referisi olan 34 yaşlı Məhəmməd elə həmin il İsveç Futbol Federasiyasının keçirdiyi səsverməyə əsasən azarkeşlər və jurnalistlərin səsini toplayaraq bu ölkənin ən yaxşı hakimi adını qazanıb.
O, 2015-ci ildə “Facebook”da çox aktiv olub. İdarə etdiyi oyunlarda verdiyi qərarlarla bağlı suallara özü cavab verirmiş. Lakin sonradan profilini bağlayıb. O, bunu vaxtının azlığı ilə əlaqələndirib.
Məhəmməd Əl-Hakim futbol hakimliyindən başqa, hərbi sahədə də çalışır. O, hərbi pilotdur və İsveç Silahlı Qüvvələrinin zabitidir.
Ona Fredrik Kliver və Mahbod Beiqi kömək edəcək. Dördüncü hakim funksiyasını Martin Stromberqson yerinə yetirəcək.
Qeyd edək ki, Ramon Sançes Pisxuan adına stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.