Bakı Metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.
Bu barədə ÇıxışYolu.Com-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Hər il olduğu kimi, bu il də tədris mövsümünün yekunlaşması və paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri ilə əlaqədar metropolitendə sərnişin axını əhəmiyyətli dərəcədə azalır.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyulun 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək.
Mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılacaq. Sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edəcək.
Qeyd edək ki, metropolitendə gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.
Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib ediləcək.
Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq – gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.
Günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə “Nərimanov” elektrik deposuna daxil olması və orada xəttə yola salınması ilə bağlıdır və texniki tələblərə uyğun olaraq, zəruri addımdır.
Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq.
Sərnişinlərin marağını nəzərə alaraq “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli yeni qrafik qüvvəyə mindiyi gün saytın müvafiq bölməsində dərc olunacaq və stansiyalarda yerləşdiriləcək.