Qadınlardan ibarət sablya üzrə milli komandamızın üzvü Anna Başta Belçikanın Gent şəhərində keçirilən “Satellite” seriyalı “Flemish Open” turnirinin qalibi olub.
ÇıxışYolu.Com xəbər verir ki, qrup mərhələsində keçirdiyi altı görüşü qalib başa vuran Anna mütləq nəticə ilə birbaşa turnirin 1/16 final mərhələsinə yüksəlib.
Daha sonra kolumbiyalı, belçikalı rəqiblərini məğlub edən Başta turnirin 1/4 finalında Sevil Bünyatova ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüşdə Anna Sevili 15:11 hesabı məğlub edib.
Başta yarımfinalda argentinalı rəqibinə heç bir şans verməyib – 15:4. Finalda Hindistan idmançısı Anandha Çadalavadaya 15:10 hesabı ilə qalib gələn Anna Başta qadın sablyaçıların şəxsi yarışında “Flemish Open” turnirinin qızıl medalını qazanıb.
Digər qadın sablyaçılarımızdan Valeriya Bolşakova, Səbinə Kərimova 1/8 finalda, Aysel Əhədova isə 1/16 finalda məğlub olub. Kişi sablyaçıların şəxsi mübarizəsində Cavanşir Ağakişiyev qrupda qazandığı 4 qələbə sayəsində pley-offa yüksəlsə də, daha sonra Avstraliya qılıncoynadanı Dik Cadrinə 14:15 hesabı ilə uduzub.