Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Murad Qocayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O qeyd edib ki, qonşusu Hikmət Əhmədovun köşkə borcu olub:
“Köşk sahibi də məndən xahiş elədi ki, Hikmətə bu barədə söyləyim. Hikmətə deyəndə mənə söyüş söydü. Biz mübahisə elədik. Onun əlində bıçaq var idi. Qoluna vurub, əlindən saldım. Sonra bıçağı götürüb qaçdım. Hikmət arxamca gəlib məni tutdu. Yerə yıxdı. Əlimdə olan bıçağın onun bədəninə necə girdiyini görmədim. Sonra hadisə yerindən çıxıb getdim”.
Məhkəmədə elan olunub ki, M.Qocayev qonşusu H.Əhmədova səkkiz bıçaq zərbəsi endirib, hadisə yerindən qaçıb. Zərbələrdən beşi ciddi xəsarət hesab edilir.
Bildirilib ki, M.Qocayevin barəsində axtarış elan olunub. Lakin hadisədən bir neçə gün sonra o, hərbi xidmətə yollanıb.
M.Qocayev söyləyib ki, Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətdə olduğu zaman onu hüquq-mühafizə orqanları əməkdaşları bıçaqlanma hadisəsinə görə həbs ediblər. O, törətdiyi əməldən peşman olduğunu bildirib. Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında M.Qocayevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi martın 6-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Abşeron rayonun Mehdiabad qəsəbəsində baş verib. M.Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova səkkiz bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisədən bir neçə ay sonra M.Qocayev həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.