İkimərtəbəli evimiz var idi. Mərtəbənin biri anamın geyim otağı idi. Geyinirdim onun ayaqqabılarını, güzgülərin önündə özümə baxıb, mahnı oxuyurdum. Dodağımı boyayıb, Rəqsanə olacağımı deyirdim.
ÇıxışYolu.Com xəbər verir ki, bunu müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova ATV-də yayımlanan “Nanəli” verilişində dilə gətirib.
Aysun anası tərəfindən qadağalarla üzləşdiyini bildirib:
“Anamla dalaşırdım, deyirdim ki, məni də özünlə getdiyin toya apar. Məni yanında toya aparanda, bu mənə xoş gəlirdi. Klip çəkdirirdi, deyirdim, mən də bir gün belə bir klip çəkdirəcəyəm. Anam isə mənə “Heç vaxt müğənni olmayacaqsan” deyirdi.
Bizdə səhnədə şou göstərən müğənnilər çox azdır. Əgər onu qəbul etsəydilər, səhnədə başqa bir şou göstərərdim. O səhnəni yaşamaq istəyirəm. Ailə qursam, sənətdən gedərəm”.
Anası Rəqsanədən ayrı düşən Aysun ailələrində illər öncə yaşanan çətinliklərdən söz açıb:
“22 yaşım var. Amma yaşımdan daha böyük görünürəm. 13-14 yaşımdan anamın bütün dərdi-səri ilə birlikdə böyümüşəm. Bütün problemləri birlikdə həll etməyə çalışmışıq. Bu səbəbdən artıq böyümüşəm.
Başımı çiyninə qoydum, anam bu zaman ağlamağa başladı. Bizim elə çətin problemlərimiz olub ki, əlimdəki telefonu belə satmışıq. Çünki anam tək olub. Bizim nə qardaşımız, nə atamız, nə də babamız olub.
Ailəmizin kişisi anam olub. Şou-biznesdə tək-tükdür belə müğənnilər. Onlardan biri də mənim anamdır. O, heç vaxt heç nəyə möhtac olmayıb. Heç bir kişinin əlinə baxmayıb. Bizdə evdə beş manat pul da olsa, onu mütləq kiminləsə böləcək. Ona görə hər zaman istəmişəm ki, anam kimi olum.
Anam göz yaşını heç zaman göstərməz. O, təklikdən ağlayırdı. Anam Moskvada, mən isə Bakıda yaşayıram. Nəsə danışanda hiss edirəm ki, o ağlayır. Yazıram, sən niyə ağlamısan?”
Aysun anasının hazırkı həyat yoldaşı, Rusiyada fəaliyyət göstətən məşhur iş adamı Fazil Əmiraslanovdan bəhs edərək, ömrünün sonuna kimi ona borclu olduğunu dilə gətirib:
“Həyatımda inanmazdım ki, nə vaxtsa kimisə qucaqlayıb, ata deyərəm. Atanın kim olduğunu öyrədən bir insan var artıq həyatımızda. Mənim anamım həyat yoldaşı. Ömrümün sonuna kimi atama borcluyam.
Mən atasız böyümüşəm. Anam da gedəndən sonra, o, yanında olmayandan sonra (ağlayır)… Anamdan heç nəyi gizlədə bilmirəm. Anam mənim idealım olub. Onunla hər zaman fəxr etmişəm.
Həyata yenidən gəlsəydim, yenə də Rəqsanə kimi bir ananın qızı olmaq istərdim. Anam yanımda, burada yoxdur, özümü yetim kimi hiss edirəm. Vətənə qayıtmağını çox istəyirəm”.
Proqramın davamında qızı Aysunun ağlamağını görən, hazırda isə Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova canlı efirə qoşulub və göz yaşlarına hakim ola bilməyib.
Rəşad Əliyev