Hər iki komanda layiqli oynadı. Bir oyunda beş qol heç də az deyil. Daim komandanın yanında olan azarkeşlərə təşəkkür edirəm. Hər oyunda gərginlik hiss etdik. “Neftçi” də layiqli mövsüm keçirdi.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.
O, komandasının ardıcıl altıncı çempionluğu barədə danışarkən “Neftçi” ilə oyunda rəqib baş məşqçi Roberto Bordinlə mübahisə edən Rəşad Sadıqovun əvəzlənməsindən danışıb:
“Rəşad Sadıqov əsəbi idi. Həm bu üzdən, həm də digər səbəbdən onu ilk hissədən sonra əvəzlədik. Artıq onunla yeni müqavilə bağlamışıq. Yeni mövsümdə komandamızın kapitanı o olacaq”.
Sonra Q. Qurbanov komandanı tərk edəcək legionerlərin adlarını çəkib: “İnosent Emeqara, Reynaldo və Yakub Jezniçakla müqaviləni uzatmayacağıq. Dzon Delarj və Simeon Slavçev isə müqaviləsi olduğu üçün komandada qalacaq”.
Qeyd edək ki, “Qarabağ”a bu gün qızıl medallar və kubok verilib.
Səbuhi MUSAYEV