Keçmiş deputat Rafael Cəbrayılov həbs oluna bilər.
Yenisabah.az-a daxil olan məlumata görə, keçmiş deputatın borclu olduğu şəxslər artıq Baş Prokurorluğa şikayət etmək niyyətindədirlər.
Məlumatda deyilir ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslər dünən bu qərara gəliblər. Bu həftə içində onların Baş Prokurorluğa müraciət edəcəyi gözlənilir.
Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu olduğu şəxslər məsələni ictimailəşdirib.
Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb. Həbs olunacağından ehtiyat edən keçmiş deputat borc sahiblərinə villasını satacağını və borcu geri qaytaracağını bildirib. Lakin hələ də villasını sata bilməyib. Bu isə borc sahiblərinin səbr kasasını daşırıb.
Əldə etdiyimiz məlumata görə, borc sahibləri Rafael Cəbrayılovun sadəcə vaxt udmaq istədiyini düşünürlər. Onların fikrincə, keçmiş deputat da qardaşı kimi ölkəni tərk etməyə hazırlaşır. Bunun üçün isə ona müəyyən qədər vaxt lazımdır.
O, “villamı satışa çıxarmışam” deməklə və “borc qalmaqalı”nda bütün təqsiri qardaşının üzərinə yıxmaqla həm məsuliyyətdən yayınmağa, həm də borc sahiblərini arxayın salmağa çalışır. Bu müddət ərzində isə Azərbaycandakı əmlaklarını satıb ölkəni tərk etməyi düşünür. Artıq borc sahibləri tam əmindirlər ki, keçmiş deputat onlarla oyun oynayır.