ÇıxışYolu.Com – Roberto Bordin: Komandama güvənirəm

Baxış sayı: 2. 339 dəfə baxılıb.

ÇıxışYolu.Com - Roberto Bordin: Komandama güvənirəm

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 15-i Bakı vaxtı ilə saat 21:00-da “Ha Moşava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Roberto Bordinin və futbolçu Dario Frederikonun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

“Neftçi”nin rəsmi saytının verdiyi xəbərə görə, əvvəlcə yarımmüdafiəçi oyun haqda fikirlərini bildirib: “Həftəboyu yaxşı hazırlaşmışıq. Artıq rəqibimizi də yaxşı tanıyırıq. Çünki bir həftə əvvəl qarşılaşmışıq. Həm də “Bney Yehuda”nı analiz etmişik. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, Azərbaycana istədiyimiz nəticə ilə qayıtmağa çalışacağıq. Əsas üstünlüklərimdən biri driblinqdir. Hər dəfə çalışıram bir neçə rəqib futbolçunu geridə qoyub, komandamızın hücumunu daha da asanlaşdırım. Əgər sabah rəqib daha da qapalı oynasa, fərdi keyfiyyətlərimə üstünlük verməyə çalışacam”.

Daha sonra baş məşqçi R.Bordin fikirlərini səsləndirib: “Sabah bizi güclü rəqiblə çətin oyun gözləyir. “Bney Yehuda” yaxşı hazırlıqlı komandadır. İlk oyunda rəqibin yaxşı qapandığının şahidi olduq. Meydanda düzgün mövqe seçib, düzgün bağlanırlar. Asan olmayacaq. Çünki rəqib arxada qapanır və güclü fərdi keyfiyyətlərə malik futbolçuların vasitəsilə əks-hücumlar yaratmağa çalışır. İlk oyundakı nəticəyə görə rəqibin cüzi üstünlüyü var. Düşünürəm ki, bu dəfə meydana fərqli taktika ilə çıxacaqlar. Maraqlı oyun olacaq”.

Roberto Bordinin KİV nümayəndələrinin suallarına cavabı belə olub: “Bney Yehuda”, demək olar, bütün heyətlə müdafiəyə çəkilib, əks-hücumlarla qol vurmağa çalışır. İlk oyunda belə fərqləndilər. İki qol buraxmağımıza baxmayaraq, yaxşı qarşılıq verdik. Futbolçularımız sonadək özlərinə inanıb, xarakter göstərdilər. Komandama güvənirəm. İnanıram ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyi bacaracaq. Deməzdim ki, orta xətdə elə də çox problemimiz oldu. Çalışırdıq, çox futbolçu ilə hücum edək. Rəqib də səhvlərimizdən yararlanaraq əks-hücumlarda qollar vurdu. Meydanda kimliyindən asılı olmayaraq, topa yaxın futbolçu rəqibə təzyiq etməyə, topu almağa çalışmalıdır. Burada əsas olan taktika deyil, oyuna yanaşmadır. Bir oyun qalıb, sonadək vuruşmaq lazımdır. Dabo 3 aylıq fasilədən sonra həftəboyu komanda ilə məşq edib. Bununla belə, sabah kimin oynayacağını demək çətindir. Heyəti bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik”.