İtaliya A Seriyasının 9-cu turu çərçivəsində “Yuventus” klubu “Leççe”nin qonağı olub.
ÇıxışYolu.Com xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Oyunun 50-ci dəqiqəsində Dibala penaltidən vurduğu qolla “Yuventus”u hesabda önə çıxarıb.
Ancaq meydan sahiblərinin cavabı özünü çox gözlətməyib. Qarşılaşmanın 56-cı dəqiqəsində “Leççe”nin futbolçusu Mankosu təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Doqquz turdan sonra hesabına 23 xal yazdıran “Yuventus” turnir cədvəlində birinci yerdə qərarlaşıb. Onun ən yaxın izləyicisi bir oyun az keçirən “İnter”in 20 xalı var. “İnter” bugün “Parma”nı sınağa çəkəcək. “Leççe” isə doqquz oyundan səkkiz xalla 16-cı yeri tutur.
Qeyd edək ki, “Yuventus”un əsas silahı sayılan Kriştianu Ronaldu bu qarşılaşmada iştirak etməyib.