Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində müğənni Şəbnəm Tovuzluya ünvanlanmış sual onu qalmaqalın mərkəzinə salıb. Belə ki, proqramda Şəbnəmin Amerikanı Avropa şəhəri adlandırması onu lağ və tənqid obyektinə çevirib.
İş o yerə çatıb ki, Tovuzlu ARB və adını açıqlamadığı digər TV-yə qadağa tətbiq edib. Şəbnəm bundan sonra həmin televiziya kanallarının heç bir verilişinə qatılmayacağını bəyan edib.
Yaşanmış olayla bağlı Şəbnəm Tovuzlu ÇıxışYolu.Com-a özəl videomesaj yollayıb.
Müğənni videoda son günlər adı hallanan məsələ ilə bağlı danışıb. Bildirib ki, kanallara hörmət etsə də, onlar adekvat münasibət göstərmirlər:
“Dostlarıma qarşı hər zaman hörmətlə yanaşıram. Amma dost bildiyim bəzi kanallar mənə bir müğənni kimi hörmət qoymurlar. Mən onlardan qarşılıqlı hörmət görmürəm. Üzərimdə reytinq qurub, haqqımda xoşagəlməz sözlər deyilirsə, bu, şəxsən məni tamaşaçıların gözündən salmaq deməkdir.
Heç də yaxşı bir şey deyil. Yaşadığım bu söz-söhbətlərdən sonra özümə söz vermişəm ki, bir neçə kanalın efirinə çıxmayacağam. Qadağa qoymuşam, getməyəcəyəm. Başqa müğənnilər var, onları çağırsınlar, nə qədər istəyirlər onlardan reytinq götürsünlər. Mən artıq yoxam”.
Şəbnəm qeyd edib ki, kanallar müğənnilərlə bağlı təhrif olunmuş məlumatlar yayırlar:
“İnsanlar da bilə-bilə müğənnilərə qarşı qıcıq yaradırlar. Bizim demədiyimiz, etmədiyimiz şeyləri, şişirdilmiş şəkildə təqdim edirlərsə, o zaman tamaşaçı bizə aqressiya nümayiş etdirir. Bu isə biz müğənnilər üçün yaxşı hal deyil. Bundan sonra iki kanala çıxmayacağam”.
Rəşad Əliyev