Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.
Baku TV-nin əməkdaşları qəza nəticəsində bir evdən üç nəfərin – ata və iki azyaşlı oğlunun öldüyü Rzayevlər ailəsinə baş çəkib.
Bu gün onların üç mərasimdir.
Əvvəlcə məlum olub ki, bu qəza nəticəsində, əslində, səkkiz deyil, doqquz nəfər ölüb. Belə ki, ailə yaxınlarının verdiyi məlumata görə, hadisə zamanı ölən 2006-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlunun anası intihar edərək həyatına son qoyub. Sözügedən qadının qəzada yaralanan qızı – 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.
Rzayevlər ailəsinin yaxınları qəzada birbaşa “99 LH 458” nömrəli “Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayevin günahkar olduğunu bildirirlər. Onların sözlərinə görə, qəzanı törədən şəxs hər zaman avtomobili yüksək sürətlə idarə edirmiş. İddiaya görə, hadisə baş verən gün sürücü 270 kilometrlik yolu bir saata qət edib.
Qəza baş verən günü sürücünün həyat yoldaşı, bacısı və bacısının azyaşlı övladı da avtobusda olub. İddia olunur ki, hətta Nizami Mustafayev maşını yüksək sürətlə idarə etdiyi üçün öz həyat yoldaşı avtobusdan düşərək qayınatasının avtobusuna minib.
Ailənin yaxınları sonda müvafiq qurumlara müraciət edərək, bu kimi sürücülərə qarşı ciddi tədbirlər görülməsini istəyiblər.
Sail Ağasəlim
Valeh Arifoğlu