Oktyabrın 30-da İtaliyada para taekvondo üzrə Avropa çempionatı keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, Fərid Tağızadə və Yaşar Səfərovun rəhbərlik etdiyi Azərbaycan milli komandası təlim-məşqləri başa vuraraq bu gün İtaliyaya yollanır.
Bari şəhərinin altı min tamaşaçı tutumuna malik “PalaFlorio” idman arenasında keçiriləcək sayca VIII qitə çempionatında ölkəmizi kişilərdən Sadiq Həmidov və Elimxan Manafov ( hər ikisi K-43, -61 kq), İmaməddin Xəlilov (K-44, -61 kq), Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hər ikisi K-44, -75 kq), Vüqar Adışirinov (K44, +75 kq), qadınlardan isə Röyalə Fətəliyeva (K-44, -49 kq) və Aynur Məmmədova (K-44, +58 kq) təmsil edəcək.
Qeyd edək ki, bu yarışda 239 atlet (bunların 69-u qadınlardır) iştirak edəcək. Avropa çempionatı açıq xarakter daşıdığından, başqa qitələrdən də idmançılar mübarizə apara biləcək. Belə ki, bu atletlər 25 Avropa və 21 başqa qitə ölkələrini təmsil edəcək.
Səbuhi Musayev