Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdən müəllimin şagirdi döyməsi ilə bağlı xəbərə aydınlıq gətirilib.
Məktəbdən ÇıxışYolu.Com-a verilən məlumata görə, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb:
“Şagirdin halı pisləşdiyi üçün başı yerə dəyib. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideynlə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib”.
Məlumatda qeyd edilib ki, şagirdin güclü baş ağrıları olduğu üçün valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib:
“Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”.
İlhamə Əbülfət