ÇıxışYolu.Com – Şahmata cəmi 23 gün getdi, qalib oldu

Baxış sayı: 3. 016 dəfə baxılıb.

Azərbaycanda güləş və futbol ən çox yayılan idman növlərindən olsa da, şahmat da onlardan kütləviliyinə görə geri qalmır. Təsadüfi deyil ki, futbol millimizin sabiq baş məşqçisi Berti Foqts dəfələrlə Almaniya mətbuatına müsahibələrində Azərbaycanda populyar idman növlərini sıralayarkən şahmatı ilk sırada çəkirdi.

Əslində bu kütləvilik və populyarlıq heç də təsadüfi deyil. Axı, bizdə daima dövründən asılı olmayaraq beynəlxalq uğurlar qazanmış zəka sahiblərimiz olub. Düzdür, daha çox kişi şahmatında bu uğurlara şahidlik etmişik. Amma qadın şahmatında da heç bir uğurumuzun olmamasını iddia etmək insafsızlıq olar.

ÇıxışYolu.Com - Şahmata cəmi 23 gün getdi, qalib oldu

Təbii ki, bu uğurların qazanılmasında ölkə rəhbərliyinin də az rolu yoxdur. Ölkə başçısı İlham Əliyev 2007-ci ilin aprelin 27-də Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında Sərəncam imzalayıb. Üstəlik ölkə prezidenti bundan iki il sonra şahmata dair dövlət proqramını təsdiqlədi. Belə ki, 2009-cu il 5 may tarixli sərəncamla “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” təsdiq edildi.

Həmin proqrama əsasən şahmatın infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək əsas məqsəd və vəzifələrdən biri idi. Bunun məntiqi nəticəsi olaraq Ucarda (2011), Xaçmazda (2011), İmişlidə (2012), Horadizdə (2012), Xırdalanda (2014), Ağsuda (2015), Göyçayda (2015), Sumqayıtda (2016) və digər yerlərdə şahmat məktəblərinin açılışı olub. Adlarını çəkdiyimiz şəhər və rayonlarda bu məktəblərin açılmasında şəxsən İlham Əliyev özü iştirak edib.

ÇıxışYolu.Com - Şahmata cəmi 23 gün getdi, qalib oldu

Bu Dövlət Proqramında nəzərdə tutulan məsələlərdən biri də ölkəmizdə beynəlxalq yarışların keçirilməsi olub. Şahmat Olimpiadası, Dünya Kuboku, “Prezident Kuboku”, “Vüqar Həşimovun xatirə turniri – Shamkir Chess” kimi turnirlərin keçirilməsi, həmin turnirlərə məşhur şahmatçıların gəlməsi ölkəmizdə şahmata marağı daha da artırıb. Təbii ki, bundan gənc şahmatçıların da yararlanmaq imkanı yaranıb.

Bu imkanlardan yararlanıb öz istedadını üzə çıxarmağı bacaran qadın şahmatçılarımızdan biri də Gülnar Məmmədova olub. Gəlin, həmin idmançının uğur tarixçəsinə diqqət yetirək.

Gülnar Məmmədova 1991-ci ilin mayın 11-də Azərbaycanın beşinci böyük şəhəri olan Şirvanda (keçmiş Əli-Bayramlı – S.M.) anadan olub. 1997-ci ildə həmin şəhərdə Tahir Bağırov adına 11 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2008-ci ildə isə Elçin İmanov adına 10 saylı orta məktəbi bitirib.

ÇıxışYolu.Com - Şahmata cəmi 23 gün getdi, qalib oldu

Onun şahmatla böyüdüyünü desək, yanılmarıq. Çünki onun anası Zemfira Məmmədova bu şəhərin şahmat məktəbində müəllim kimi çalışıb.

Ana günlərin birində hər bir qızcığaz kimi gəlinciklərlə oynamağı sevən Gülnarı maraqlı seçim qarşısında qoyur. Bir əlində gəlincik, digərində isə şahmat taxtası ilə qarşısına keçərək, birini götürməsini istəyir və deyir: “Şahmatı seçsən, hər şeyin olacaq”. Bununla da, kiçik Məmmədovada şahmata qarşı həvəs yaranır.

İlk addımlarını da elə anasının yanında atır. O, 2009-cu ilədək yarışlara Zemfira xanımın yanında hazırlaşır. 2008-ci ildə Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olan Gülnar (bu ali təhsil ocağında iki il magistratura da oxuduqdan sonra 2014-cü ildən orda şahmat müəllimi vəzifəsində pedaqoji fəaliyyətlə məşğul olur – S.M.) Bakıda məskunlaşdıqdan sonra qadın yığmamızın kapitanı Fikrət Sideifzadənin rəhbərliyi altında şahmatla məşğul olmağa başlayır.

ÇıxışYolu.Com - Şahmata cəmi 23 gün getdi, qalib oldu

Onu da qeyd edək ki, onun kiçik bacısı Çinarə, eləcə də Çinarənin həyat yoldaşı da şahmatçı olub. Göründüyü kimi, bu ailədə ancaq şahmatla nəfəs alıblar.

Gülnarın ilk uğuru hələ şahmatla məşğul olmağa başlamasından bir ay ötməmiş (cəmi 23 gün) 28 May – Respublika Gününə həsr olunan turnirdə qeydə alınır. Altı yaşlı Gülnar həmin turnirin qalibi olur. Zona birinciliklərində də mükafatlara layiq görülən bu kiçik qız öz yaş qrupunda Azərbaycan çempionatlarının qalibi olur. O, ilk beynəlxalq uğuruna isə 2001-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilən turnirdə imza atıb. Gülnar orda qızıl medal qazanıb.

ÇıxışYolu.Com - Şahmata cəmi 23 gün getdi, qalib oldu

2006-cı il onun üçün mükəmməl alınır. 15 yaşlı vunderkind 16 yaşadək (U-16) şahmatçıların ölkə birinciliyinin qalibi olur. O daha sonra U-16-ların Avropa çempionatının bürünc və dünya çempionatının gümüş medalını boynundan asır. Özündən böyüklərin – U-20-lərin Azərbaycan çempionatında isə gümüş medal qazanır.

Bir il sonra – 16 yaşında yenə Azərbaycan çempionu olan Gülnar U-18-lərin ölkə birinciliyində gümüş və bürünc medallara layiq görülür. O, 2009-cu ildə Moskvada keçirilən ənənəvi “Aeroflot Open” turnirinin B divizionunda gümüş medal qazanır.

ÇıxışYolu.Com - Şahmata cəmi 23 gün getdi, qalib oldu

O, 2009 və 2010-cu illərdə böyüklər arasında Azərbaycanın ən güclüsü olur. Ardıcıl iki il respublikanın ən güclüsü olmaq Azərbaycanın qadın şahmatında nadir hadisələrdən sayılır. Ümumiyyətlə, 2011-ci ildən bu yana o, Azərbaycanda cəmi iki dəfə mükafatsız qalıb.

Təbii ki, Gülnar Məmmədovanın ən böyük uğuru isə 2016-cı ildə Bakıda keçirilmiş Şahmat Olimpiadasıdır. Azərbaycanın qadın şahmat komandası mükafatçılar sırasına düşə bilməsə də, üçüncü lövhədə yarışan Gülnar qızıl medal qazanır və Milli Gimnastika Arenasında Azərbaycan himninin səslənməsinə səbəb olur.

2017-ci ildə isə Azərbaycanın “Odlar Yurdu” komandası ilə klublararası Avropa çempionatının gümüş medalı da onun karyerasında mühüm yer tutur.

Gülnar Məmmədova 2008-ci ildə qadınlar arasında FIDE ustasıdır. Bu onun ilk şahmat adıdır. 2011-ci ildə qadınlar üçün beynəlxalq usta normasını yerinə yetirib və 2012-ci ildən etibarən qrossmeyster adına sahib çıxıb. 2017-ci ilin yanvarından isə kişilər arasında da beynəlxalq usta sayılır. O bu dərəcəyə yiyələnən ilk qadın şahmatçımız olub.

Həmin vaxt onun ən yüksək FIDE reytinq xalı 2401 olub. Bununla da o, dünyanın ən güclü 100 xanım zəka ustası sırasına daxil olaraq 64-cü pillədə qərarlaşıb. Ümumiyyətlə, Gülnar Məmmədova İlahə Qədimova və Günay Məmmədzadə ilə birgə Azərbaycan qadın şahmatında 2400 reytinq xalına yiyələn üç qrossmeysterdən biridir.

ÇıxışYolu.Com - Şahmata cəmi 23 gün getdi, qalib oldu

O da dövlətin idmana ayırdığı diqqət və qayğıdan kənarda qalmayıb. Ötən ilin idman yekunlarına əsasən Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev 25 nəfəri mükafatlandırıb. Evlə təmin olunan idmançıların arasında Gülnar Məmmədova da olub. Təbii ki, dövlətin qayğısını hiss etmək şahmatçılarımızı növbəti yarışlarda uğur qazanmağa doğru stimullaşdırır.