Şamaxıda baş vermiş yanğın söndürülüb.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, aparılan işlər nəticəsində yanğının Şəhriyar qəsəbəsinə keçməsinin qarşısı alınıb.
Yanğın lokallaşdırılıb, təhlükə aradan qaldırılıb.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğın 40 hektar ərazini əhatə edib. Ərazinin 10 hektarı biçilməmiş, 30 hektarı isə biçilmiş sahədir. Yanğının yaxınlıqdakı biçilməmiş əraziyə keçməsinin qarşısı alınıb.
Yanğının söndürülməsinə FHN-in Şamaxı Yanğından Mühafizə İdarəsinin dörd maşını və canlı qüvvəsi, habelə kənd sakinləri və Şamaxı Meşə Təsərrüfatının traktorları cəlb edilib.
Taxıl zəmilərinin arasındakı torpaq sahəsi tez bir zamanda şumlanıb, beləcə, yanğının qonşu sahələrə keçməsinin qarşısı alınıb. Hazırda ərazidə kiçik yanğınların söndürülməsi işi aparılır.
16.40
Şamaxı rayonunda 50 hektardan çox biçilmiş və biçilməmiş taxıl sahəsi yanır.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, yanğın Çarhan kəndi yaxınlığındakı sahədən başlayaraq Şəhriyar qəsəbəsinə qədər olan ərazini əhatə edir.
Hadisə yerinə dörd yanğınsöndürən maşın cəlb olunub. Külək yanğının söndürülməsi işinə çətinlik yaradır.
Kənd sakinlərinin də su maşınları ilə köməyə gəldiyi bildirilir. Əraziyə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatının canlı qüvvəsi və texnikası cəlb olunub.
.