Azərbaycanın üç ən ucqar kəndindən biri də Qax rayonunun Sarıbaş kəndidir.
Qaxdan İlisuya asanlıqla getmək olsa da, İlisu kəndindən Sarıbaşa çatmaq isə o qədər də asan deyil. Sarıbaş kəndinə qədər olan yeddi kilometrlik enişli və yoxuşlu yollarda təkcə “UAZ” markalı avtomobillər hərəkət edə bilir.
Bir çox özəlliklərə malik olan Sarıbaş kəndi, sanki dağların ətəyində salınmış kiçik şəhərciyi xatırladır. Qədim zamanlardan kənddə sosial obyektlərin və hər cür infrastrukturun mövcud olması bunu deməyə əsas verir.
Belə ki, kənddə daim elektrik enerjisi olub. Hətta Azərbaycanda ilk su elektrik stansiyası da məhz bu kənddə quraşdırılıb. Burada 360-şagird yerlik ümumorta məktəb binası, telefon qovşağı, 25 çarpayılıq xəstəxana, kitabxana və hələdə fəaliyyətinə davam edən 1954-cü ildə inşa olunan mədəniyyət evi var.
Dağlarla əhatə olunmuş Sarıbaş kəndi qış aylarında bürünən ağ örpəyi, yay aylarında isə yaşıl yaylaqları ilə göz oxşayır. “Ala göz”, ”Qaya altı”, “Daş üçən”, “Çanaxor”, “Qarşı dağ”, “Günaxay” kimi dağların əhatəsində yerləşən kəndin coğrafi mövqeyi elədir ki, burada qış ayları sərt deyil, əksinə mülayim keçir.
Sarıbaş kəndində əvvəllər 1000-dən çox sakin yaşayıb. Lakin 1964-cü ildə Dağ kəndlərinin köçürülməsi qərarı ilə bu kəndin əhalisi aranda salınmış Cəlayır kəndinə köç etməyə məcbur olub. Buna baxmayaraq doğulub boya başa çatdığı kəndi tərk edə bilməyən sakinləri də var.
Hazırda kənddə 30 yaxın ailə yaşayır. Qaxdan iyirmi, İlusu kəndindən yeddi kilometr şimal-qərbdə, böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən möcüzələr diyarı, daim qonaqlı qaralı olub.
Qədim türk eli kimi bilinən Sarıbaş kəndi haqqındakı tarixi faktlar bura bir çox elm xadimlərini cəlb edib. Belə ki, 1394-cü ildə Əmir Teymur şimala yol almaq üçün, 18-ci əsrdə Nadir şah Dağıstanı fəth etmək üçün məhz Sarıbaş yolundan istifadə edib.
Həmçinin Sarıbaş, Rusiyanın Qafqaz xalqlarını tabe etdirmək üçün apardığı müharibələrə şahidlik edib. Tarixi faktlardan biri: İlisu sultanı Daniyal bəyin Qafqaz dağlılarının lideri Şeyx Şamilin “Azadlıq ordusu”na qoşulması məhz Sarıbaşdan keçərək mümkun olub.