Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı, “Sabah” futbol klubunun serbiyalı hücumçusu Marko Deviç ukraynalı jurnalist, futbol şərhçisi Viktor Vatskonun “Youtube” kanalında yayımlanan məşhur “Вацко Live” proqramının qonağı olub.
ÇıxışYolu.Com xəbər verir ki, proqramın “Legioner” rubrikasının növbəti buraxılışında Viktor Vatsko Bakıya gələrək serbiyalı futbolçu Marko Deviç ilə müsahibə hazırlayıb.
Çəkiliş “Sabah” futbol klubunun bazasında – “Əlincə Arena”sında, Bakının müxtəlif məkanlarında aparılıb və burada paytaxtın cəlbedici memarlıq nümunələrinin görüntülərinə geniş yer verilib.
Bakı şəhərinin ukraynalı jurnalistdə yaratdığı müsbət təəssüratlar proqramın ilk dəqiqələrində bəlli olur. Viktor Vatsko ilk növbədə paytaxtın müasir infrastrukturuna, qonaqlar üçün yaradılmış şəraitə, beynəlxalq yarışlarda Bakının ev sahibi kimi uğurlu seçim olmasına və burada istirahətin təşkili üçün mövcud olan geniş imkanlara diqqəti çəkir.
Marko müsahibədə şəxsi həyatı, karyerası, Azərbaycanda xarici idmançılar üçün yaradılan şərait haqqında fikirlər səsləndirir. Jurnalist müsahibədə Marko ilə Bakı haqqında da ətraflı söhbət edir.
Müsahibə zamanı Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin mədəniyyəti, tarixi məkanları, ölkəmizin multikulturalizm ənənələri, infrastrukturu, mətbəxi və s. barədə təbliğat ətraflı təqdim olunur. Verilişdə Bakı haqqında görüntülərdən geniş istifadə edilib. Çəkiliş zamanı restoranların birində nahar edən Viktor Vatsko Azərbaycanın zəngin və ləziz mətbəxə malik olduğunu bildirir.
Azərbaycanda fəaliyyət göstərən və ölkəmizi müxtəlif sahələrdə təmsil edən xarici vətəndaşların Azərbaycan haqqında müsbət təəssüratları ölkəmizin turizm imkanlarının təbliğatı baxımından böyük əhəmiyyət kəsb edir.
Verilişdə Marko ölkəmizdəki həyat tərzi barədə ətraflı məlumat verir və bu, Azərbaycanda yaşayan xarici nümayəndələr üçün yaradılan şərait, ölkəmizin imkanlarının təbliği baxımından əhəmiyyətli açıqlamalardır. Jurnalist bu fikirlərə geniş yer ayırıb.
Müsahibənin bir hissəsi Deviçin yaşadığı evdə baş tutub və burada səmimi söhbət zamanı idmançının ailəsi ilə birlikdə Azərbaycanda qarşılaşdığı qonaqpərvər münasibət və füsunkar təbiət, eləcə də, ölkəmizin cəlbedici məkanları barədə maraqlı məqamlar səsləndirilir.
Serbiyalı hücumçu paytaxtımızda həyat yoldaşı və azyaşlı qızı ilə birlikdə yaşayır. Ukraynalı jurnalistlə söhbət zamanı Markonun və ailəsinin ölkəmizdəki həyat tərzinə qısa bir müddətdə uyğunlaşdığı və burada yaşamaqdan və karyerasını davam etdirməkdən razı qaldığı bir daha öz təsdiqini tapır. O, Azərbaycanda idmançılar üçün yaradılan yüksək səviyyəli şərait, geniş imkanlar, inkişaf və yerli əhalinin istiqanlı münasibətinə toxunur:
“Bu günə kimi Avropanın inkişaf etmiş ölkələrində olmuşam. Əsas olan ölkənin gözəlliyi deyil. İnsan faktoru da burada böyük rol oynayır. Azərbaycanda insanlar möhtəşəmdirlər. Başqa ölkələrdə də olmuşam. Mən yaşadığım digər ölkələrin insanları haqqında mənfi rəy vermək istəmirəm. Sadəcə, onlar bir qədər soyuqdur. Azərbaycanda isə əhali çox istiqanlıdır.
Bakıda yaşamaq mənim üçün çox rahatdır. Bu şəhərdə bir ailənin rahat yaşaması üçün hər cür şərait var. Burada hava şəraiti də əlverişlidir. Bakı küləklər şəhəridir. Bu amil mənim üçün yeganə mənfi cəhətdir (gülür). Çünki küləyi çox da sevmirəm. Bakı mənim və ailəm üçün möhtəşəm şəhərdir. Paytaxtın sürətlə müasirləşməsi və inkişafı 10 ilə Bakının Şərqdə əsas şəhərlərindən biri olacağını deməyə əsas verir”.
Viktor Vatsko daha sonra müsahibəni Dənizkənarı Milli Parkda davam etdirir. Bu dəfə söhbət zamanı Bakının infrastrukturuna diqqət çəkilir. Vatsko bildirir ki, dünyanın ən gözəl və qabaqcıl infrastruktur nümunələrini Bakıda görmək mümkündür. Jurnalist “Ağ şəhər” layihəsi barədə də məlumat verir:
“Bu evlər Avropa üslubunda müasir və səliqəli tikililərdir. Digər tərəfdən, sizin diqqətinizi “Alov qüllələri” cəlb edəcək. Bu tikili alovun üç dilini simvollaşdıran Cənubi Qafqazda ən yüksək müasir memarlıq nümunəsidir. Onlar dünyada ən müasir işıqlandırma sistemi ilə təchiz edilib.
Məni gözəlliyi ilə ən çox heyran edən isə dünya miqyasında məşhur memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzidir. Memarlıq nümunəsində heç bir düz xətdən istifadə edilməyib. Bu bina hələ 2014-cü ildə dünyanın ən gözəl binası kimi qəbul edilib”.
Verilişdə “Sabah” futbol klubunun prezidenti Maqsud Adıgözəlovun klubun fəaliyyəti və Marko Deviçin transferi barədə fikirlərinə də yer verilib.
Bununla yanaşı, Azərbaycanda futbol sahəsində aparılan işlər, Olimpiya Stadionu barədə məlumat verilib, cari mövsüm Avropa Liqasının finalının və AVRO-2020-nin dörd oyununun bu stadionda baş tutacağı qeyd edilib.
Həmçinin, “Sabah” futbol klubunda futbolçular üçün yaradılmış hərtərəfli şərait, məşqlər üçün geniş imkanlar, klubun öz oyunlarını keçirdiyi “Əlincə Arena” stadionunda nümayiş etdirilmiş oyunlar haqqında fikirlər ifadə olunub.
Viktor Vatsko müsahibəni Bakı haqqında müsbət təəssüratlar, əhalinin qonaqpərvərliyi, şəhərin gözəlliyi barədə fikirləri ilə yekunlaşdırıb. Daha sonra şərhçi Marko Deviçin “Sabah” futbol klubunda uğurlar əldə edəcəyinə inamını ifadə edib.
Jurnalist futbolçunun Azərbaycan haqqında müsbət fikirləri, Bakının gözəl məkanlarından çəkilən görüntülərin və əldə edilmiş məlumatların vəhdəti ilə ölkəmizin tərənnümü baxımından maraqlı veriliş yaradıb.
Azərbaycanı təmsil edən idmançıların qələbələrinin sayı ildən-ilə artır və komandalarımızın komandalar arasında yeri daha da yüksəlir. İdmançılarımızın ölkə sərhədlərindən kənarda qazandığı uğurlar vətənimizin təbliğində mühüm rol oynayır.
Azərbaycanı təmsil edən legionerlərin müvəfəqiyyətləri komandalarımızda təmsil olunur və idmanımıza uğurlar gətirir. Adlı-sanlı legionerlərin cəlb edilməsi nüfuzlu yarışlarda əhəmiyyətli uğurlar qazanmaqla yanaşı, idman texnologiyalarının, fərdi və komanda təcrübələrinin mübadiləsi baxımından əlverişli imkandır. Gənc idmançılar təcrübəli legionerlərlə bir yerdə məşq edərək, onların təcrübəsindən yararlanmaq imkanı əldə edirlər.
Legionerlər ölkəmizi yalnız idman sahəsində deyil, meydandan kənardakı davranışları, ölkə sərhədlərindən xaricdə vətənimiz barədə fikirləri ilə ölkəmizin təbliğində mühüm rol oynayırlar. Bu baxımdan, “Sabah” futbol komandasına Marko Deviçin transferi nümunəvi addımdır. Belə legionerlərin cəlb edilməsi ölkəmizin nüfuzunun daha geniş idman arenalarında uğur qazanması ilə yanaşı digər müstəvilərdə də layiqli təbliği deməkdir.
Qeyd edək ki, Marko Deviç 1983-cü ilin 27 oktyabrında Serbiyanın paytaxtı Belqradda dünyaya gəlib. O, futbolçu karyerası ərzində “Rad” (Serbiya), “Vadus” (Lixtenşteyn), “Volın” (Ukrayna), “Şaxtyor” (Donetsk, Ukrayna), “Metallist” (Xarkov, Ukrayna), “Rostov” (Rusiya), “Rubin” (Rusiya) kimi klublarda çıxış edib.
Deviç serbiyalı olsa da, Ukraynada uzun müddət çıxış etdikdən sonra bu ölkənin vətəndaşlığını qəbul edib. O, 2008-2014-cü illər aralığında Ukrayna millisinin şərəfini qoruyub. Təcrübəli futbolçu Ukrayna yığmasında “Milan”ın, Kiyev “Dinamo”sunun əfsanəvi hücumçusu Andrey Şevçenko ilə çiyin-çiyinə oynamağa da imkan tapıb.
Deviç karyerası ərzində Ukrayna çempionu (2012/13), Ukrayna kubokunun və Superkubokunun qalibi (2012/13), Ukrayna çempionatının bombardiri (2007/08) və Lixtenşteyn kubokunun (2017/18) qalibi olub.
“Sabah” Azərbaycanın ən gənc peşəkar klublarındandır. 2017-ci ildə əsası qoyulan klub hazırda ölkə çempionatının 5-ci pilləsində qərarlaşıb. Klub ötən ilin yayında Marko Deviçin transferiylə yerli futbol ictimaiyyətinin diqqətini cəlb edib.
Deviç hələ çempionatın ilk turlarından vurduğu qollarla komandanın uğurlarında mühüm rol oynayıb. Marko Premyer Liqanın cari mövsümündə meydana çıxdığı 15 oyunda yeddi dəfə rəqib qapılarına yol tapıb. O, çempionatın bombardirlər siyahısında yer alıb.