ÇıxışYolu.Com – “ShamkirChess 2019”un iştirakçılarının adları açıqlandı

Baxış sayı: 2. 205 dəfə baxılıb.

ÇıxışYolu.Com - “ShamkirChess 2019”un iştirakçılarının adları açıqlandı

Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi “ShamkirChess 2019” beynəlxalq superturnirinin iştirakçıları dəqiqləşib.

ÇıxışYolu.Com-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.

Superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, “ShamkirChess” turnirinin üçqat qalibi, FIDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2845), Çin şahmatçısı Dinq Liren (Çin, 2812, FIDE reytinqində 3-cü yer), Hollandiya şahmatının lideri Aniş Qiri (2797, FIDE reytinqində 4-cü yer), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2779), Rusiya şahmatçısı Aleksandr Qrişuk (Rusiya, 2771), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2753),  FIDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2740), çexiyalı David Navara (2739) iştirak edəcək.

Azərbaycanı Vüqar Həşimov Memorialında “ShamkirChess” superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FIDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) təmsil edəcək.   

Turnirin təntənəli açılış mərasimi martın 30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Doqquz turdan ibarət yarışa aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014, 2015 və 2018-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen olub. 2016 və 2017-ci illərdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Səbuhi MUSAYEV