Azərbaycan vəkilliyinin yubiley tədbirlərinə həsr olunmuş silsilə işlərin davamı olaraq bu gün Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sayca ikinci regional qurumu olan – Şirvan Regional Vəkil Bürosunun inzibati binasının təntənəli açılışı baş tutub.
ÇıxışYolu.Com xəbər verir ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 12 ünvanında, 4 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən həmin inzibati bina, Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının icrası məqsədilə 5 dekabr 2018-ci il tarixdə Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilib.
Vətəndaş məmnunluğunun, vətəndaşların və təşkilati-hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatların hüquqi yardıma sürətli çatımlılığının təmin edilməsi, habelə Şirvan Regional Vəkil Bürosunda normal iş şəratinin təşkil edilməsi məqsədilə ötən müddət ərzində həmin bina müasir standartlara uyğun təmir olunaraq mebel, kompüter və digər zəruri avadanlıqlarla təmin edilib ki, bu işlər Azərbaycan Respublikasının dövlət büdcəsinin Ehtiyat Fondundan bu məqsədlər üçün Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına görülüb.
Təmir işlərinin bilavasitə dövlət vəsaiti hesabına aparıldığı nəzərə alınaraq bununla bağlı Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə tikinti-təmir sahəsini tənzimləyən digər hüquqi aktların tələblərinə uyğun olaraq, inzibati bina üzrə görüləcək işlərin həcmi dəqiqləşdirilmiş və təmirlə əlaqədar ehtimal olunan qiymətlərin müəyyən edilməsi məqsədilə Vəkillər Kollegiyası tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilib.
Tikintidə Qiymətqoyma Mərkəzinin həmin obyekt üzrə təqdim etdiyi hesabatlara əsasən inzibati binanın təmir işlərinin ƏDV daxil 58.931 manat təşkil etdiyi bildirilməsinə baxmayaraq, dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə qənaətlə və daha da səmərəli şəkildə istifadəsinin təmin edilməsi məqsədilə işlərə ümumilikdə ƏDV daxil 33.399,9 manat vəsait xərclənib. Eyni zamanda, təmir işləri çərçivəsində inzibati binanın infrastrukturunun təchiz edilməsi, habelə onun mebel və kompüter avadanlıqları ilə təmin edilməsi üçün ƏDV daxil 37.635,28 manat vəsait xərclənib.
Hazırda sahəsi 188.7 kv.m olan həmin inzibati binada konfrans zalı, konfidensial otaq, qəbul masaları, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik iş otağı olmaqla, növbətçi vəkil masası, qonaq vəkil masası, mətbəx, sanitar qovşaqlar və digər şəraitlə təmin edilmiş, habelə gələcəkdə Vəkillər Kollegiyasının Tədris və Hüquqi Yardım Mərkəzi ilə əlaqəli şəkildə region vəkilləri üçün distant təlimlərin keçirilməsi məqsədilə telekonfrans sisteminin qurulması da nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan Repsublikanın 21 rayon və şəhər üzrə bütün vətəndaşlar, habelə təşkilati hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatlar Şirvan Regional Vəkil Bürosunun hüquqi yardım üzrə xidmətlərindən yararlanmaq imkanına malik olacaqlar.
Qeyd olunmalıdır ki, bu gün Şirvan Regional Vəkil Bürosunun təntənəli açılış mərasimi ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoymuş, dahi liderin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Sonra region vəkillərinin, yerli icra hakimiyyəti, habelə məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və KİV nümayəndələrinin iştirakı ilə Şirvan Regional Vəkil Bürosunun inzibati binasının təntənəli açılışı keçirilib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədri cənab Anar Bağırov giriş nitqi ilə tədbirə təşrif buyurmuş qonaqları salamlayaraq vurğulayıb ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində 21.05.2019-cu il tarixdə Sumqayıt şəhərində ilk regional vəkil bürosunun açılışı olmuş və hazırda həmin qurum fəaliyyətini uğurla davam etdirir. Sözügedən Sərəncamın icrası çərçivəsində bu gün Şirvan şəhərində də regional vəkil qururmunun açılışı təmin edilmiş, həmçinin yaxın gələcəkdə Şəkidə və digər regionlarda da müvafiq regional qurumların fəaliyyətə başlaması üçün zəruri işlər görülür.
Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev, Şirvan şəhər prokuroru Natiq Abdullayev, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev və Şirvan Regional Vəkil Bürosunun rəhbəri Ruslan Mirzəyev çıxış ediblər.
Tədbirin rəsmi hissəsi bitəndən sonra regionda vəkillərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Kollegiya tərəfindən vəkilliyin inkişafı ilə bağlı görülmüş işlər, əldə olunan nəticələr, qarşıda duran vəzifələr və vəkillər tərəfindən qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.
Daha sonra Anar Bağırov Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yaradılmış vəkil otağının iş şəraiti ilə tanış olub.