ÇıxışYolu.Com – Suriya kürdləri nə istəyir?

Baxış sayı: 1. 977 dəfə baxılıb.

ÇıxışYolu.Com - Suriya kürdləri nə istəyir?

Son günlərin əsas mövzusu Suriyanın şimalı, Türkiyənin həyata keçirdiyi “Barış pınarı” əməliyyatı və onun nəticələridir. Hazırda Suriyanın şimal-şərqində ölkə ərazisinin təxminən 30 faizə qədərinə “Suriya Demokratik Qüvvələri” (SDQ) adlı hərbi-siyasi koalisiya nəzarət edir.

Lakin 2015-ci ilin dekabrında yaradılmış SDQ bir mənada formal bir qurumdur. Real olaraq qeyd olunan ərazidə əsas güc kürdlərin PYD siyasi təşkilatı və onun hərbi qanadı olan YPG-nin və həmçinin, onun digər hərbi qruplarına məxsusdur. 

Suriya kürdləri bir hərbi-siyasi qrup olaraq dünyada 2014-cü ildə İŞİD-in Suriyanın şimalında fəallaşması və Kobani müharibəsi zamanı tanındılar. Beş ay ərzində Kobanidə İŞİD-lə savaşan kürdlər ABŞ-ın liderlik etdiyi İŞİD əleyhinə koalisiyanın da dəstəyi ilə qalib gəlməyi bacardılar.

Tezliklə nəzarət etdikləri əraziləri Afrin rayonunda İraq sərhədinə, cənuba doğru isə Deyr əz-Zora qədər genişləndirən kürdlər faktiki olaraq hazırda Suriyada hökumətdən sonra ən çox əraziyə nəzarət edən hərbi-siyasi gücə çevrildilər.

2017-ci ildə isə İŞİD-in Suriyadakı “paytaxtı” Raqqanı ABŞ qüvvələrinin dəstəyilə ələ keçirən kürdlər artıq bütün dünyanın hesablaşdığı hərbi-siyasi gücə çevrilmişdilər. 2015-ci ildə Suriyanın şimalında kürdlər nəzarət edən bölgədə digər etnik qrupların, o cümlədən, qismən türkmən, ərəb, süryani və ermənilərin də iştirak etdiyi “Suriya Demokratik Qüvvələri” adlı koalisiyanı yaratmaqla faktiki olaraq muxtariyyətə doğru bir addım daha yaxınlaşdılar. 

Ancaq 2019-cu ilin 9 oktyabrında başlayan “Barış pınarı” əməliyyatı böyük mənada kürd muxtariyyəti ideyasını laxlatdı. Türkiyə Suriya kürdlərinin SDQ adı altında olmasına baxmayaraq, əslində, PKK terror təşkilatının Suriya qolu adlandırır və Suriya ilə Türkiyə sərhədinə PYD/YPG-nin nəzarət etməsini özü üçün təhlükə elan etdi.

PYD və PKK nə qədər yaxındır?

Suriya kürdlərinin əsas siyasi təşkilatı olan PYD, yəni tam adı Demokratik Birlik Partiyası (kürdcə adı: Partiya Yekitiya Demokrat – PYD) 2003-cü il oktyabrın 17-də yaradılıb. Maraqlıdır ki, PKK lideri Abdullah Öcalan 2002-ci il fevralın 16-da vəkilləri vasitəsilə yeni təşkilatların qurulması təlimatını göndərib.

Həmin ilin 1-4 aprel tarixlərində PKK-nın 8-ci qurultayı keçirilib və bu qurultayda təşkilatın İran, İraq və Suriya kimi ölkələrdə yan təşkilatları qurulub. PYD də məhz bu təlimatla yaradılmış qurum olub. Təbii ki, PYD-nin parlaq dövrü Suriyada xaos başladıqdan sonra, yəni 2011-ci ildən hesablanır.

Ancaq PYD-nin Suriyadakı kökləri 1980-ci illərə, “soyuq müharibə” illərində SSRİ və NATO-nun Yaxın Şərq “cəbhəsi” Suriya və Türkiyə sərhədləri olduğu zamanlara gedir. Həmin illərdə Öcalan PKK-nın bir sıra fəaliyyətlərini Suriya ərazisində həyata keçirib. 1998-ci ildə Adana anlaşması imzalanana qədər Suriya hakimiyyəti müəyyən formada PKK-ya dəstək verib.

Ancaq sonradan bu dəstək dayanıb. 

2003-cü ildə qurulan PYD-nin 2010-cu ilə qədərki sədri Fuad Ömər olub. Ancaq bu illərdə Suriya hakimiyyəti ölkədəki bu cür etnik, dini və siyasi qrupları sərt cəzalandırırdı. Kürdlərin 2000-ci illərin əvvəllərindəki etirazlarından sonra hökumət sərt müdaxilə edib və nəticədə PYD liderləri, o cümlədən, təşkilata “ərəb baharı” prosesində rəhbərlik etmiş Saleh Müslim İraqa qaçıb. Həmin illərdə PYD Şimali İraqa PKK-nın əsas düşərgəsi olan Qəndil dağlarında yerləşib.

2004-cü ildə PYD daxilində parçalanma baş verib, ikinci təşkilat yaransa da, tezliklə ayrılan qrupun lideri Kamal Şahin 2005-ci ildə PKK tərəfindən qətlə yetirilir.

“Ərəb baharı” kürdlər üçün necə “şansa” çevrildi?

2011-ci ilin martın 15-də Suriyanın cənubunda başlayan etirazlar tezliklə bütün ölkəni bürüyən müharibəyə çevrilib. Maraqlıdır ki, Suriya kürdləri arasında islamçı qruplar olsa da, sonradan bu qruplar və onların liderləri sıradan çıxarılır və qısa müddətdə PYD Suriyanın şimalında kürdlərin əsas hərbi-siyasi təşkilatına çevrilir. 

Bəzi iddialara görə, bu zamana qədər Suriyada kürdlərə qarşı həddən artıq sərt mövqe sərgiləyən, on minlərlə kürdü “gəlmə” adı ilə hətta şəxsiyyət sənədi verməyən Suriya hakimiyyəti inqilab prosesindən sonra kürdlərlə mülayim davranır.

Saleh Müslim və başqaları Suriyaya qayıdır və tezliklə PYD mərkəzi Qamışlı şəhəri olmaqla, Afrin, Ayn əl-Ərəb, Hasakekanton rayonlarını nəzarətə götürür. 2012-ci ildə isə kürdlər Kobani şəhərini nəzarətə alır və bu dövrdə hökumət qüvvələri ilə kürdlər arasında ciddi toqquşmalar olmur. 

Ehtimal olunur ki, Bəşər Əsəd hakimiyyəti kürdlərin şimalda güclənməsində maraqlı olub.

Çünki kürdlər, əsasən, sol meyilli təşkilat olaraq islamçı silahlı qruplarla kəskin rəqabət və ərazi toqquşmaları içərisində olub. Bu səbəbdən də Əsəd ölkədə hakimiyyəti ələ keçirməyə çalışan islamçı müxaliflərə qarşı şimalda kürdlərin alternativ qüvvə kimi çıxış etməsinə şərait yaradıb və bu səbəbdən də bir sıra məntəqələrdən.

O cümlədən, sərhəddən qüvvələrini geri çəkib. Bu taktika xeyli dərəcədə uğurlu olub, Suriya ordusunun çəkilməsindən sonra şimalda Azad Suriya Ordusu, eləcə də, ən-Nusra və digər islamçı qruplar və İŞİD arasında toqquşmalar başlayır.

İŞİD digər qrupları əzərək 2014-cü ildə böyük əraziləri ələ keçirir və bu zaman şimal-şərqdə kürdlərlə qarşılaşır. 2014-cü ildə Kobani şəhəri uğurunda beş ay davam edən müharibədən sonra İŞİD Kobanini kürdlərdən ala bilmir və ilk dəfə məğlub olaraq geri çəkilməli olur. 

Kürdlər şimali Suriyada nəzarət etdikləri bölgələrə Rojova deyir. Bu bölgələrdə Konqre-Gel deyilən ali xalq qanunverici orqanıdır. Abdullah Öcalanın PKK üçün də tətbiq etdiyi həmsədrlik institutu, rəhbərliyin bir qadın və bir kişidən ibarət olması qaydası PYD-də də tətbiq olunur.

Suriyada kürd hərbi gücü – YPG və qalan qruplar

Əlbəttə ki, PYD-nin əsas gücü YPG, “Xalq Müdafiə Qüvvələri” (kürdcə YekineyenParastina Gel) adını almış silahlı qruplaşması 2012-ci ildə yaradılıb. YPG ilə yanaşı, bu qruplaşmanın 1/3-ni təşkil edən qadınlardan ibarət hərbi birləşmə – YPJ fəaliyyət göstərir. 

YPG-də döyüşçülər 3-5 nəfərlik “qrup”, iki qrupdan formalaşan taqım, üç taqımın birləşdiyi bölük və üç bölüyün birləşdiyi taborlardan ibarətdir. Ayrıca rayonlara görə komandanlıqlar briqadalara rəhbərlik edir. Ümumi olaraq YPG-nin əsas komandanlığı 55 üzvü olan Baş Hərbi Şuradır. Altı aydan bir toplanan Şura əsas qərarverici orqan hesab olunur. Eyni zamanda, əyalətlərin də özünün hərbi şuraları mövcuddur. 

YPG döyüşçülərinin dəqiq sayı bilinməsə də, bəzi məlumatlara əsasən, 60 mindən çox üzvü var. Ancaq YPG ilə yanaşı, Suriyanın şimalında daha bir neçə hərbi birləşmə var. Bu birləşmələr YPG ilə birlikdə əməliyyatlara qatılır. Bir qismi isə Sudiya Demokratik Qüvvələri koalisiyasına daxildir. 

Bunların sırasında YPG-nin qadınlardan ibarət qolu olan YPJ, “Kürdüstan Demokrat Partiyasına bağlı silahlı qruplar – HPG (HezenParastina Gel – Xalq Müdafiə Qüvvələri), YBŞ (YekneyenBerxvedanaŞinqal – Şenqal Müqavimət Birlikləri) var. Bununla yanaşı, 2015-ci ilin oktyabrında qurulan “Suriya Demokratik Qüvvələri” koalisiyası tərkibində YPG ilə yanaşı, “Burkan əl-Fərat”, “Liva ət-Tahrir” kimi digər millətlərin də daxil olduğu silahlı qruplar vardır.

Bundan başqa, “YPG İnternasional” adı verilmiş əsasən xarici ölkələrdən gəlmiş solçu və kürd simpatizanı şəxslərin təmsil olunduğu silahlı qruplar var. Ümumilikdə SDQ örtüyü altında birləşən bu silahlı qrupların ümumi sayının 84 min nəfər olduğu ehtimal edilir. Lakin iki il əvvəl yaradılan 30 minlik asayiş və ya sərhəd mühafizəsi qüvvələrinin bura daxil olub-olmadığı məlum deyil. 

Qeyd etmək lazımdır ki, həm proseslərin yeni başladığı vaxt, həm də 2016-cı il sonrası Türkiyə Suriya kürdləri içərisində PYD xəttində olmayan kürdləri ayrıca təşkilatlandırmağa çalışsa da, bu plan baş tutmayıb, həmin qruplar və onların liderləri fiziki olaraq məhv edilib, yaxud da bu qruplar həddən artıq marginal olduqları üçün gözə çarpmayıb. 

Ümumilikdə Suriya əhalinin 8-10 faizə yaxınını kürdlər təşkil edir. Bu isə təxminən iki milyon civarında kürd deməkdir. Suriyanın əsasən şimal və şimal-şərq vilayətlərində yaşayan kürdlər regiondakı digər ölkələrdən, yəni Türkiyə, İran, İraqdan daha azdır. 

2015-ci ildə SDQ yaradıldıqdan sonra Suriyanın şimalında kürd muxtariyyəti yaradılması məsələsi gündəmə gəlsə də, Türkiyənin son əməliyyatı muxtariyyət yaradılması ehtimalını xeyli azaldır. Çünki paralel olaraq kürdlərin nəzarətinə keçən rayonların böyük hissəsi Suriya ordusunun nəzarətinə keçib.

Yalnız mərkəzə doğru Deyr əz-Zor vilayəti və ətraf ərazilər hələ də tamamailə kürdlərin nəzarətindədir. Halbuki bir il əvvəl əksər siyasi analitiklər Suriyada kürd muxtariyyətinin real olduğunu qeyd edirdi. Lakin muxtariyyət olmasa belə, Suriya kürdləri artıq hərbi-siyasi güc olaraq dünya tərəfindən tanınıb və qəbul olunur. Bu isə “ərəb baharı” sonrası bölgədə baş verən ən böyük siyasi dəyişikliklərdən biri hesab olunur.

Kənan Rövşənoğlu