Tbilisidə polis parlament binası önünə toplanmış etirazçıları dağıtmaq üçün havaya atəş açıb
TASS xəbər verir ki, etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunur. Aksiya iştirakçıları parlament qarşısından uzaqlaşmağa başlayıblar.
00:52
Gürcüstanda mitinqçilər parlament binasına daxil olmağa çalışıb. Polis nümayişçilərin qarşısını kəsib.Tərəflər arasında toqquşma baş verib.
BBC xəbər verir ki, parlament binasının həyətinə hərbi texnika və xüsusi təyinatlılar cəlb olunub.
Daxili işlər naziri Georgi Qaxariya etirazçıları dərhal meydanı tərk etməyə və qanuna əməl etməyə çağırıb:
“Mən meydanda olan hər bir vətəndaşı polisə tabe olmağa çağırıram. Burada baş verənlər dövlət qurumuna hücum deməkdir”.
Qaxariyanın dediyinə görə, insident müəyyən siyasi qüvvələr tərəfindən təşkil edilib və ölkəni fəlakətə sürükləmək məqsədi daşıyır. O, lazım gələrsə, istefa verəcəyini də bəyan edib.
Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər. Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da, müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb edirlər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilir.