Məlum olduğu kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalı keçiriləcək. Finalda iki London klubu – “Arsenal” və “Çelsi” üz-üzə gələcək.
ÇıxışYolu.Com Bakıda keçiriləcək bu möhtəşəm duellə bağlı maraqlı məqamları təqdim edir.
* İlk dəfə bu iki komanda arasında baş tutan London derbisi (söhbət rəsmi matçlardan gedir – S.M.) İngiltərədə yox, başqa ölkədə keçiriləcək. Bu ölkə isə Azərbaycan olacaq.
* “Arsenal” bu kuboku qazansa, öz yeni tarixini Bakıda yazmış olacaq. Çünki bu komanda heç vaxt bu titulu qazana bilməyib. “Topçular” 2000-ci ildə Avroliqanın sələfi olan keçmiş UEFA Kubokunda finala çıxsalar da, həlledici görüşün penaltilər seriyasında “Qalatasaray”a uduzub.
* “Çelsi” isə altı il əvvəl Avropa Liqasının qalibi ola bilib. Onlar 2013-cü ildə Amsterdamda keçirilmiş finalda Portuqaliyanın “Benfika” klubunu 2:1 məğlub edib.
* Bu turnirin ilk finalında da İngiltərə komandaları üz-üzə gəlib. “Tottenhem” və “Vulverhempton” 1972-ci ildə keçirilmiş ilk UEFA Kubokunun finalında bir-birinə rəqib olub. O vaxt komandalar final görüşlərində də ev-səfər matçlarına çıxırdı. “Tottenhem” Vulverhemptonda keçirilən görüşdə 2:1 qalib gəlib, Londondakı matçda isə 1:1-lik heç-heçəyə nail olmaqla titula sahib çıxıb.
* Maraqlıdır ki, Vulverhemptonun “Molinyu” stadionunda 3 may 1972-ci ildə keçirilmiş görüşün baş hakimi hələ DÇ-1966-dan ingilislərə tanış olan azərbaycanlı referi Tofiq Bəhramov olub. Göründüyü kimi, azərbaycanlı hakimin idarə etdiyi görüşdə London klubu qalib gəlib. İndi isə digər London klubları Bəhramovun vətəninə gəlir.
* Həm “Arsenal”, həm də “Çelsi” ikinci dəfə Bakıda – Olimpiya Stadionunda oyun keçirəcək. Hər iki komanda “Qarabağ”la avrokubokların qrup mərhələsində qarşılaşıb. Çempionlar Liqası çərçivəsində “Stəmford Bric”də Ağdam klubunu 6:0 darmadağın edən “Çelsi” 2017-ci ilin 22 noyabrında Bakıda “Qarabağ”ı 4:0 məğlub edib. 19-cu dəqiqədə Rəşad Sadıqovun qırmızı vərəqə ilə meydandan qovulduğu matçda belçikalı Eden Azar, braziliyalı Vilian, ispaniyalı Sesk Fabreqas fərqlənib. Azar və Fabreqas penaltidən fərqlənib. Bu futbolçulardan Fabreqas hazırda “Monako”da çıxış etdiyindən, Bakıya gəlməyəcək.
* “Arsenal” isə “Qarabağ”la ötən ilin 4 oktyabrında üzləşib. “Arsenal”ın 3:0 qalib gəldiyi görüşdə yunanıstanlı Sokratis Papastatopulos, Emil Smit Rouv, fransalı Mateo Qenduzi fərqlənib. Maraqlıdır ki, bu futbolçuların üçü də Bakıda “Arsenal” karyeralarında ilk qollarını vurub.
* “Arsenal” və “Çelsi” indiyədək 58 dəfə üz-üzə gəlib. Bunlardan 21-də “Çelsi”, 19-da “Arsenal” qələbə qazanıb. 18 görüşdə isə qələbə qazanan tərəf olmayıb.
* Cari mövsüm tərəflər iki dəfə Premyer Liqa çərçivəsində qarşılaşıb. Premyer Liqanın bürünc medalçısı “Çelsi” öz meydanında 3:2, çempionatı beşinci pillədə başa vuran “Arsenal” isə “Emireyts”də 2:0 qalib gəlib. Bakıdakı görüş tərəflərin cari mövsüm bir-biri üzərində üstünlüyü baxımından həlledici görüş sayılır.
* “Çelsi” İngiltərə çempionatını ilk “dördlük”də başa vurmaqla artıq növbəti mövsüm Çempionlar Liqasında çıxış etmək hüququnu əldə edib. “Arsenal” isə iki il fasilədən sonra Avropanın bir nömrəli turnirində iştirak etmək üçün mütləq Bakıda qalib olmalıdır.
* Avropa Liqasının ən uğurlu məşqçi “Arsenal”ın ispaniyalı baş məşqçisi Unai Emeri sayılır. O, İspaniyanın “Sevilya” klubunu arıdıcıl üç dəfə (2014, 2015 və 2016-cı il) bu turnirin qalibi edib. Onun bu turnirin finalındakı görüşlərində uduzmadığını nəzərə alsaq, “Arsenal” daha üstün görünür.
Səbuhi MUSAYEV