ÇıxışYolu.Com – Tonoyan “xarici sponsorlardan” pul almağa çalışır

Baxış sayı: 3. 588 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tonoyan “xarici sponsorlardan” pul almağa çalışır

İsrailli politoloq Yuri Boçarov ÇıxışYolu.Com-ya müsahibə verib:

– Martın sonunda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüş keçirilib. Görüşdən sonra həmsədrlər bəyanatla çıxış edərək, dövlət başçılarının danışıqlar prosesini davam etdirməyə hazırlıq ifadə etməsini alqışlayıb. Bir neçə gün əvvəl Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, erməni həmkarı ilə növbəti görüşünün rusiyalı xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Rusiyada keçiriləcəyini açıqladı.

Necə düşünürsünüz, Moskva bu yolla Paris və Vaşinqtonla müqayisədə, vasitəçi kimi təşəbbüsü öz əlinə almağa çalışır?

– Ermənistan əsas etibarilə Rusiyanın Qafqazdakı sonuncu real forpostudur. Və təbii ki, Kreml onu öz əllərində saxlamaq üçün çox şeylərə hazırdır, hətta deyərdim, məcburdur. Ona görə də Moskvanın bütün bəyanatları, bütün təmasları və müqavilələri burdan qaynaqlanır.

Rusiya heç bir halda münaqişənin nizamlanmasının onun aktiv iştirakı olmadan həyata keçirilməsini, əsas vasitəçi funksiyaların onun düşmənlərinin çiyinlərinə düşməsini istəmir. Halbuki Rusiyanın vasitəçiliyi ilə məsələ daha sürətli və daha konstruktiv şəkildə çözülməyə başlaya bilərdi.

– Əliyevlə Paşinyanın görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə keçirdiyi görüşdə “ərazilərin əvəzinə sülh” formulasının, “yeni ərazilər uğrunda yeni müharibə” formulası ilə əvəzləndiyini bəyan etdi.

Beləcə, Yerevanın təcavüzkar, işğalçı siyasətini davam etdirmək fikrində olduğuna dair bir ismarıc verdi.  Ermənistanın Müdafiə Nazirliyi rəhbərinin belə bir mövqeyi nədən qaynaqlanır? Belə bəyanatlara baxmayaraq, yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində real tərpənişləri gözləmək olar?

– Yerevanın savaşmağa hazır olduğuna əmin deyiləm. Yəqin ki, bu ismarıc, əslində, erməni diasporuna ünvanlanıb, yəni baxın, görün, necə güclüyük, yeni işğallara hazırıq. İstənilən müharibə üçün, həmişə olduğu kimi, pul lazımdır. Ermənistan müdafiə nazirinin nitqi də elə bu ideyanın üzərində qurulub.

Bununla rəhbərlik etdiyi qurumun yeni büdcəsi üçün okeanın o tayında olan sposorlardan pul qoparmağa və ya dil-ağız olmağa çalışır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi isə hələlik bir yerdə dayanıb.

Əsas vasitəçilər öz aralarında ortaq məxrəcə gəlməyənə qədər (bu isə yaxın perspektivdə inandırıcı görünmür) Ermənistan rəhbərliyi havadan asılmış vəziyyətdə qalacaq və reallığı sağlam və düzgün şəkildə qavraya bilməyəcək.

B.B.