Xalq artisti Tünzalə Ağayevanın ÇıxışYolu.Com-ya özəl müsahibəsi:
– Dünən Xalq artisti adına layiq görüldünüz. Təbrik edirik. Təəssüratlarınızı bölüşün…
– Sevincimin həddi-hüdudu yoxdur. Çox sevincli və qürurluyam. Doğum günümdə belə bir hədiyyə almağım qürurvericidir. Çünki 43 yaşımda prezidentim və dövlətimdən mənim üçün çox böyük əhəmiyyət daşıyan, mənə şərəf verən, qürurlandıran hədiyyə aldım.
Xalq artisti adı həm sevinclidir, həm də böyük məsuliyyətdir. Hər zaman mədəniyyətimizə faydalı olan sənət insanı olmağa çalışmışam. Sadəcə, öz maraqlarımı deyil, mədəniyyətimizi, milli-mənəvi maraqlarımızı, sənətdə deyə biləcəyim, yaşada biləcəyim hər şeyi qorumağa və təbliğ etməyə çalışmışam. Bu əqidəmdə qalacağam. Vətənimi və dövlətimi çox sevirəm. Prezidentimizin etimadını doğruldacam.
2006-ci ildə Əməkdar artist adı aldığım günü yaşadığım sevinci xatırlayıram. Bu gün də eyni duyğuları yaşayıram. Prezident İlham Əliyevə minnətdaram. Allah həmişə dövlət başçımızı dövlətimizin başında və həyatımızda var eləsin. Bütün zəhmətləri min qat bərəkətlə özünü göstərsin.
Dəyərli həmkarlarımı da təbrik edirəm. Əzizim Röya və Miri Yusif də milyonlarla sevəni olan sənətçilərimizdir. Onlara uğurlar arzu edirəm. Hər zaman xoş xəbərlərini eşidək.
– Son vaxtlar yalnız seçmə proqramlara və jurnalistlərə açıqlamalar verirsiniz. Hətta sizi yalnız bir və ya iki proqramda görürük. Bunun səbəbi nədir?
– Efirlərdəki proqramlar daha yaxşı səviyyədə və maraqlı olsa, çıxa bilərəm. Kiminsə gözündə yaxşı olan mənim gözümdə pis ola bilər. Daha çox intelektuallığın və savadlı mövzuların tərəfdarıyam. Özüm əyləncə sahəsinin nümayəndəsi olsam da, əyləncənin və maqazin proqramlarının daha keyfiyyətli olmasının istəyirəm.
Reytinqli verilişlərin çoxunda səviyyəsizliyi, ucuz söhbətləri görəndə utanıram. İstəsəydim, bütün gün televiziyalarda, şoularda, yarışma proqramlarında olardım. Kimlərəsə söz atıb, söz qəbul edərdim. İstəsəydim, öz adımı tamamən qara piar üstündə qurardım. Amma bu mənə lazım deyil.
Tovuzda yaşamağıma baxmayaraq, peşəkar insanlardan dərs almışam. Tovuzda yaşamağım heç də intellektimin fərqli olması anlamına gəlmir. Əksinə, həmişə öz dünyagörüşümlə kimsədən geri qalmamışam. Seçimlərimə cavab verməyən yerlərə getmirəm. Hər şeydə seçici insanam. Amma bunu yanlış başa düşürlər.
– Həm ifanız, həm də imic baxımından digər müğənnilərdən fərqlənirsiniz. İndi Avropa standartlarına cavab verən ifaçıların azlıq təşkil etməsi nədən asılıdır?
– Hesab edirəm ki, onların sayı az deyil. Sadəcə, onlar çox gənclərdir. Hazırda gündəmi tutmaq çətindir. Amma bunu bacaran xeyli istedadlı gənclərimiz var. Arxalarında şirkətlər olmasa, onları heç kim tanımayacaq. Onlar tək inkişaf edə bilməz.
Həmçinin, bizim Elçin Əzizov, Sevda Ələkbərzadə, Azər Zeynalov, Samir Cəfərov, Alim Qasımov kimi beynəlxalq səviyyədə tanınan sənətkarlarımız var.
– Dəstək olduğunuz gənclər olub?
– Bir çox gənclərə hansısa formalarda dəstək olmuşam. Məsələn, Samirə Əfəndi, Ruslan Alışanov, Tofiq Hacıyev, Nərmin Kərimbəyova, Ləman Dadaşova və Surə bu siyahıya daxildir. Onlarla işləyən zaman həmişə bir şeyə üzülmüşəm ki, kaş işbirliyimiz davam edəydi.
Çalışmışam ki, əlimdən gəldiyi qədər gənclərə kömək edim. Bundan sonra da edəcəm. Tünzalə Ağayeva olaraq gələcəkdə varlı prodakşınım olsa, həmin gənclərlə işləyərəm.
– Nəsimi ili ilə bağlı yeni layihəniz olacaq?
– Doqquz il əvvəl Nəsimi ilə bağlı layihəm olmuşdu. Nəsimi bizim həyatımızda hər gün olmalıdır. Biz ağıllı, zövqlü, sağlam təfəkkürlü, düşüncəli cəmiyyət və insan olmaq istəyiriksə, bizə töfhə verən ədiblərimizi sadəcə kitabda, tədbirlərdə, dərslərdə yada salmamalıyıq. Onlarla bağlı proseslər daima həyatımızda olmalıdır. Ədiblərimiz bizi daima tərbiyə edən dəyərlər, toxunuzmazlar, müqəddəslərdir. Nəsimi daima yaddaşlarda yaşamalıdır. Bu bizim qan yaddaşımızdır.
2009-cu ildə ilk dəfə “Dua”nı oxumuşam. O, Nəsiminin iki qəzəli əsasında hazırlanmış bir kompozisiyadır. O zaman mən heç bir piarı, reytinqi fikirləşmirdim. Şükür edirdim ki, Nəsimi kimi müqəddəs insanın əsərindən uğurlu bir mahnı alındı.
İnanın ki, zaldakıların ən az 500 nəfəri duyğulanmışdı. Çünki peşəkarlığıma əsaslanaraq düzgün və layiqli formada yanaşma ilə bir işi görürəm. Öncə hər şeyi komandamla analiz edirik. Halbuki mən bu gün elə yerdəyəm ki, ən bəsid şeyi tamaşaçıya mükəmməl şəkildə təqdim edə bilərəm. Amma heç vaxt bundan sui-istifadə etmirəm.
Bu il “Dua”nı yenidən səsləndirdik.
– Mahnı bəstələmək, yoxsa ifa etmək sizi daha çox özünə cəlb edir?
– İkisi bir yerdə doğulub. Mahnılarımı bəstələməyimə Səməd Vurğun, Əliağa Vahid qəzəlləri təkan verirdi. Öz ana dilimə aşiqəm. Dili və şeiriyyatı sevmək məni musiqiyə gətirib çıxardı. Hər hansı mahnı bəstələyəndə müğənni olacağımı qarşıma məqsəd qoymurdum. Amma özümü səhnədə görürdüm.
6-7 yaşında öz tamaşaçılarım var idi. Anam həmişə deyirdi ki, sən uşaq kimi yox, artıq özünü püxtələşmiş bir insan kimi təqdim edirsən. Nə vaxtsa oxumağı buraxsam, bəstəkarlığımı dayandırmaq istəmərəm.
– Hazırda ən bahalı müğənnilər sırasındasınız. Bununla razılaşırsınız?
– Sırf kommersiya nöqteyi-nəzərindən belə də olmalıdır. İnsan adının arxasında keyfiyyətli 20 il, keyfiyyətli layihələr varsa, bu, gözləniləndir. Ad brendləşirsə, belə də olmalıdır. Çünki bir markanın bahalı olmasınında səbəbləri var. Peşəkar tərəfdən düzgün qurulubsa, o, ucuz ola bilməz.
– Müsahibələrinizin birində demisiniz ki, müğənnilərimiz arasında birlik yoxdur. Bir-birinin konsertlərinə getmirlər, layihələrinə dəstək olmurlar. Müğənnilər arasında yaxın dostlarınız var?
– Sənət dostlarımın əksəriyyətini çox sevirəm. Xasiyyətlərini, etdikləri işləri, səslərini sevdiyim müğənnilər var. Onların sayı az deyil. Amma dostluq tamam başqa şeydir.
Sadəcə, onun tərəfdarıyam ki, mədəniyyət bir sənətin, artistin və ya sənətkarın simasında yaşaya bilməz. Hər birimiz özümüzə görə mədəniyyətə töfhə veririk. Heç kim bir-birinin yerini tuta bilməz və yaxud yerindən itələyə bilməz.
– Həyata keçirmək arzusunda olduğunuz hansısa layihə var?
– Bəli, var. Amma hələ ona hazır deyiləm.
– “Instagram” səhifənizdə yalnız iki nəfəri izləyirsiniz…
– Rəqəm mənə heç nə demir. Əvvəllər bir az inciklik olurdu. Amma onları başa saldım. Hətta prodüserimi izləmirəm. Amma onun səhifəsinə baxıram. Bütün işlərimdə olan insanları qeyd edirəm. Əgər eqoist olsaydım, onu da etməzdim. Ona görə də görünən rəqəm mənim üçün əhəmiyyət daşımır. Sosial media kommersiya məkanıdır. Sırf kommersiya məqsədilə nə vaxtsa nəyisə çoxalda, nəyisə azalda bilərəm.
– Demək olar ki, bütün sənətçilər “Maşın” şouda iştirak edib. Amma siz yalnız qonaq qismində qatılırsınız. Şouya qatılmamağınızın səbəbi nədir?
– Mən özümün prodüseriyəm. Öz prinsiplərim və maraqlarım var. O, bir şou olduğu üçün orada rəqabət var. Şoudakı prinsiplər mənim xasiyyətimə uyğun deyil. Mən şounu heç tamaşaçı kimi də izləmirəm. Bunun üçün bir neçə səbəbim var. Orada, həqiqətən, maşına ehtiyacı olan sadə insanlar olsa, bəlkə, baxaram. O şou mənim üçün daha maraqlı olar. Şounun qəhrəmanları daha vacibdir.
Eyni zamanda, mübahisə etməyi, torba tikməyi bacarmıram. Bu günə kimi kimsəyə torba tikməmişəm. Allah mənə hər hansı pis niyyət, məqsədlə yanaşan, planlar quran insanın əl-qolunu bağlayıb. İnan ki, bir çox möcüzələr baş verib.
Oyun insanı deyiləm, maska taxa bilmirəm və yalandan danışa bilmirəm. Mənim üzümə yalandan gülənlər çoxdur. Onların kimliyini bilsəm də, üzlərinə vurmuram. Çünki mənə lazım deyillər.
– Tolik hər dəfə müğənnilərin bir qisminin ikiüzlü olduğunu deyir. Hətta bunu videolarla sübut edəcəyini deyir…
– Həyatda deyil, səhnədə aktyorların tərəfdarıyam. Çox ikiüzlü sənətçilər görmüşəm. Hətta proqramlarda birlikdə qonaq olduğum sənətçilərin belə necə ikiüzlü olduqlarının şahidi olmuşam. Elə hadisələr olub ki, həmin yerdən gülüb ayrılmışam. Onlara yalnız “ayıblar olsun” demişəm.
– Həmkarlarınız son vaxtlar plastik əməliyyatlara üstünlük verir. Hətta bəziləri etsə belə, bunu gizli saxlayır. Siz plastik əməliyyat etdirmisiniz?
– Qadın baxımlı olmalıdır. Çirkin deyil, tənbəl qadın var. Az imkanı olan xanımlara baxımsız demək olmaz. Amma qadına verilən beyinə görə o, hər şeydən nəsə edə bilər. Heç bir kosmetoloqa getmədən xanımlar vaxtında baxım edə bilər. Həmçinin, yuxu, sağlam qidalanmaq lazımdır.
Mən dietoloq vasitəsilə sağlam qidalanaraq lazımsız çəkilərdən xilas oldum. Hərəkətli həyat tərzi keçirmək lazımdır. Beş ildən çoxdur ki, pilates və fitneslə məşğul oluram.
Əgər yaşlandığım zaman üzümün qırışdığını görsəm və heç nə kömək etməsə, o zaman estetik etdirərəm.
– Geyimlərinizlə başqa müğənnilərdən seçilirsiniz. Geyimləri özünüz seçirsiniz?
– Səhnə geyimlərimdə Gülnarə Xəlilova ilə işləyirəm. Günlük geyimlərim də ona məxsusdur. Mənim bahalı marka geyim təsəvvürüm yoxdur. Geyim insanı tamamlamalıdır. Dəb deyə bir şey var. Amma dəbdən sənə yaraşanı götürürsən.
Sevinc Yasinqızı
FOTO: Ramil Zeynalov