Bodrum hotellərindən birinin hovuzunda xəsarət alan rusiyalı balaca qızcığaz xəstəxanada dünyasını dəyişib.
Bu barədə “VKontakte” sosial şəbəkəsindəki səhifəsində uşağın atası Andris Leikutsis məlumat paylaşıb:
“Saat dörddə Aliska vəfat etdi. Birtəhər yaşamalıyıq”.
O, bu vaxtadək ailəsinin yanında olan və onları dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.
“RİA Novosti” xəbər verir ki, Rusiyanın Türkiyədəki səfirliyinin mətbuat katibi İrina Kasimova qızcığazın cənazəsinin vətənə göndərilməsi üçün lazımi köməyin göstəriləcəyini söyləyib.
Diplomat həmçinin Rusiya tərəfinin bu hadisənin istintaqının gedişatını izləməyə davam edəcəyini qeyd edib. Kasimova həmçinin bildirib ki, faciədə günahkar olanların tapılıb cinayət məsuliyyətinə cəlb olunacağı mövzusunda Türkiyə hökumətinin ədalətinə inanır.
Qeyd edək ki, ölümlə nəticələnən bədbəxt hadisə avqustun 18-də Bodrumdakı hoteldə baş verib. Balaca qız hovuzda olarkən nasos borusu onun əlini özünə çəkib. Uşaq beş dəqiqədən çox su altında qalıb və zərərçəkən hadisədən altı saat sonra xəstəxanaya gətirilib. Uşağın ürəyi bir neçə dəfə dayanıb və o, komaya düşüb. Bundan başqa, balaca Alisanın bədəni subfebril qızdırmadan alışıb-yanırmış. Qızda uzun müddət yüksək bədən hərarəti müşahidə olunub.
Rəşad Əliyev