ÇıxışYolu.Com - Ucarda bacı qardaşını hində zəncirləyib saxlayır?

ÇıxışYolu.Com – Ucarda bacı qardaşını hində zəncirləyib saxlayır?

Baxış sayı: 2. 708 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ucarda bacı qardaşını hində zəncirləyib saxlayır?

Daxili İşlər Nazirliyi Ucarda hində zəncirlənmiş halda saxlanıldığı iddia edilən şəxs barədə məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ÇıxışYolu.Com-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatla əlaqədar dərhal araşdırmalar başlayıb:

“Ucar rayon Polis Şöbəsinin və Prokurorluğunun məsul əməkdaşlarının, Qarabörk kəndinin icra nümayəndəsinin, bələdiyyə sədrinin iştirakı ilə Əfşan İbrahimovun və qardaşı İlyas İbrahimovun yaşadıqları ünvana baxış keçirilib.

Baxış zamanı müəyyən olunub ki, İlyas İbrahimov ikimərtəbəli evin birinci mərtəbəsindəki çarpayıda yatır. Onun saxlanılma şəraiti və evin vəziyyəti normal olub”.

Orxan Mansurzadə bildirib ki, ruhi xəstə və I qrup əlil olan İlyas İbrahimov uzun müddətdir ki, bacısının himayəsindədir:

“Qonşularla söhbət zamanı da İbrahimovun 20 ildir bacısının himayəsində olduğu və ona yaxşı baxıldığı məlum olub.

Bacısı tərəfindən qardaşına pis baxılması və yaxud kobud rəftar edilməsi ilə bağlı polisə və digər hüquq-mühafizə orqanlarına müraciət daxil olmayıb. İlyas İbrahimovun hində, insan sağlamlığı üçün təhlükəli şəraitdə saxlanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”.

DİN rəsmisi qeyd edib ki, polis əməkdaşları tərəfindən Əfşan İbrahimovaya sözügedən şəxsin aidiyyəti üzrə dövlət orqanlarına təhvil verilməsi və qardaşına baxılması üçün yardım təklif edilib:

“Lakin qadın bu təklifdən imtina edib və o bildirib ki, qəyyum olaraq bundan sonra da qardaşına özü baxmaqda davam edəcək”.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Ucar rayonunun Qarabörk kəndində bacının psixi problemləri olan qardaşını illərdir hində zəncirlənmiş halda saxladığı barədə məlumat yayılıb.

İlhamə Əbülfət