Azərbaycanın həvəskar boks üzrə millisinin sabiq üzvü Məhəmmədrəsul Məcidov peşəkar rinqdə debüt edir.
ÇıxışYolu.Com xəbər verir ki, üçqat dünya çempionu, bir dəfə Avropa çempionatının və IV İslam Həmrəylik Oyunlarının qalibi, 2012-ci il London Olimpiadasının bürünc mükafatçısı ABŞ-ın Nyu-York şəhərində peşəkar boksda ilk döyüşünə çıxacaq.
32 yaşlı dağıstanlı boksçunun altı raundluq görüşdə rəqibi yerli idmançı Ed Fauntin olacaq. Fauntinin bu, peşəkar rinqdə 20-ci döyüşü olacaq. O, bunadək 12 qələbə (bunlardan beşində vaxtından tez qalib olub – S.M.) qazanıb və altı dəfə məğlub olub. 30 yaşlı amerikalının bir görüşündə isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə sentyabrın 13-dən 14-nə keçən gecə baş tutacaq. Görüş Hulu Teatr adlanan ərazidə, açıq havada baş tutacaq. Məhəmmədrəsul Məcidovun son məşqindən görüntüləri təqdim edirik:
Səbuhi Musayev