Ramin Musayev yazır…
Bu həftə yeni dərs ili başladı. İlk günündə də sosial şəbəkələri valideyn, qohum-qardaş məktəbə ilk addım atan uşaqlarla dolu şəkillərlə doldurdu. Məktəbə gedən 1-ci sinif şagirdini təm təraqla bütün əsli nəcabəti yola salırdı. Hamı sevinirdi.
Valideynlərin istəyi və arzusu uşaqlarının əlaçı və nümunəvi şagird olmasıdır. Uşaq səhər məktəbə gedir, sonra musiqi, sonra idman, sonra ev tapşırıqlarını etməlidir. Çünki valideyn onun ideal olması üçün onun həyatını artıq planlaşdırıb.
Əlbəttə ki, bütün bu məşqlər və təhsil hər bir insana lazımdır. Ona görə də valideynlər uşaqlarının həyatını özü təyin edir. Məktəbi bitirəndən sonra hansı universitetə qəbul olmalı, hansı peşəni seçməli, sonra harada işləməli, kiminlə evlənməli, harada yaşamalı, necə yaşamalı… bütün həyatı planlanır və bütün bunları ərsəyə gətirmək üçün valideyn özü də çox işləyib, pul qazanmalıdır ki, bunlar baş versin.
Amma, uşaqdan soruşan yoxdur ki, “Əziz bala, bəs sən nə istəyirsən? Kim olmaq? Həyatda arzun nədir?” Uşaq isə səsini çıxardıb deyəndə ki, “Mama, mən iatisadçı deyil, rəssam olmaq istəyirəm”, mama uşağa cavab verir ki, “Mən səndən yaxşı bilirəm, sən hələ uşaqsan, rəssam olub acından öləcəksən, papa səni yaxşı işə düzəldəcək, onda yaxşı dolanacaqsan.”
Mamalara isə müzakirə edəndə atalar sözünə istinad edərək “Ölünü öz başına qoysan, kəfəni cırar” deyə, fikirlərinə güc verirlər. Beləliklə də, uşaqlarda olan istedadlar boğulur və kompleklər yaranır, özünə güvən aşağı düşür.
Bütün uşaqlar istedadlı doğulur, amma zaman keçdikcə onları valideynlər, sonra məktəb, daha sonra isə cəmiyyət və fikirlər bu istedadları öldürür. Sevmədiyi işlə məşğul olmaq məburiyyətində qalır.
Avropa və Amerikada, yəqin ki, digər ölkələrdə də uşaqlar üçün xüsusi testlər var. Bu testlərdən keçərək, hansı sahədə daha uğurlu ola biləcəyi təyin edilir və bu sahəyə yönəlir. İnsan seçdiyi peşəni yaxşı öyrənir və bütün gücünü ona həsr edərək, uğur qazana bilir. Mütləq hər şeyi bilmək şərt deyil. Əsas odur ki, öz işini yaxşı bilib, onun professionalı olasan.
Çox zaman ünsiyyətdə olduğum, yaxud intervyu edərkən, uşaqlıqda kim olmağı arzulayırdın və kim oldun sualı verirəm. Uşaqlıq arzularına yetənlərin xoşbəxt və uğurlu olduğunu görürəm. Mən özüm də bir çox uşaqlıq arzularıma yetmişəm, amma əvvəl səhv yol ilə getsəm də, sonradan bu səhvi düzəltmişəm.
Bir neçə gün öncə sərgisində olduğum dövlət məmuru, amma uzun illər sonra rəssamlığa başlayıb və uğurlu olan xanımla tanış oldum və danışdım. Danışıq zamanı yuxarıda göstərdiyim eyni problemlərlə qarşılaşıb. Yəni seçim onun deyil, valideynlərinin olub. Amma illər sonra yenə də istədiyinə yetib.
Ətrafınızdakılardan maraqlansanız, çoxunun aldığı təhsil və işlədiyi sahə fərqlidir. Öz işində mütəxəssis olmaq üçün təhsili də o sahədə almaq lazımdır. Sahəni seçərkən nə qədər pul qazanacağın deyil, hansı işdən həzz alaraq, məmnuniyyətlə edəcəyin, uğurlu olacağını düşünmək lazımdır. Onda pul da gələcək, imkan da yaranacaq.
Valideynlərə müraciət edərək, uşaqları ilə daha sıx ünsiyyətdə olmağı, onlarla dost olub, fikirlərini öyrənmək, dəstək verməyi məsləhət görərdim. Onu da bilin ki, uşaqlar böyüklərdən ağıllıdır, çünki həyatda hələ problem yaşamayıb, ona görə də kompleksləri yoxdur.
Atalar demiş, ağıl yaşda deyil, başdadır.