Bu yarış Azərbaycanda ənənəvi hal alıb. VII Arena Polo Dünya Kubokunu gələn il Bakıda təşkil ediləcək polo üzrə Avropa çempionatına son hazırlıq kimi də dəyərləndirmək olar.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev deyib.
Sabahdan Binə Atçılıq Mərkəzində VII Arena Polo Dünya Kuboku start götürəcək. Nəbiyev hazırlıq prosesindən danışıb:
“Atlar komandalara federasiya tərəfindən veriləcək. Bu, püşk yolu ilə seçiləcək. Ümid edirik ki, yarışda komandamız uğurlu nəticə qazanacaq. Bu səbəbdən Argentinadan təcrübəli məşqçi Raul Laplaseti də son hazırlıq üçün Bakıya dəvət etmişik”.
O bildirib ki, poloda ilk dəfə VAR sistemi Azərbaycanda tətbiq olunacaq:
“Futboldakı kimi, burada da VAR sistemi tətbiq olunacaq. Bununla da hakimlərin idarəetməsində şübhə yaranarsa, videotəkrara baxılacaq və yekunda düzgün qərar qəbul ediləcək”.
Ardınca çıxış edən Dünya Polo Klubunun prezidenti Reto Qaudenzi yenidən Azərbaycana gəldikləri üçün şad olduqlarını vurğulayıb:
“Ölkəniz növbəti dəfə bu yarışa ev sahibliyi edir. İnanırıq ki, Dünya Kuboku gərgin mübarizə şəraitində keçəcək və təşkilatçılıq əvvəlki kimi yüksək səviyyədə olacaq”.
Daha sonra komandaların və oyunçuların təqdimatı keçirilib.
Qeyd edək ki, sentyabrın 13-15-də keçiriləcək Dünya Kubokunda Azərbaycan, Rusiya, Almaniya və İsveçrə klubları mübarizə aparacaqlar.
İlk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” və İsveçrə “Evviva Polo Club St. Moritz”i arasında olacaq. Günün ikinci görüşündə “Los Nocheros Polo Club Münster” (Almaniya) “Planernaya Polo Club Moscow” (Rusiya) klubunu sınağa çəkəcək.
Səbuhi Musayev