ÇıxışYolu.Com - Yəhudilərlə azərbaycanlıların dostluğu

ÇıxışYolu.Com – Yəhudilərlə azərbaycanlıların dostluğu

Baxış sayı: 2. 142 dəfə baxılıb.

ÇıxışYolu.Com - Yəhudilərlə azərbaycanlıların dostluğu

Aqşin Yenisey yazır…

Tez-tez sosial şəbəkələrdə, yaxud fərqli beyinlərin yığışdığı istər intellektual, istər “vaxt sallaqxanaları” olan dedi-qodu mühitlərində dolaşan və özünə klişeləşmiş bir cavab axtaran suallardan biri də budur ki, yəhudilərlə azərbaycanlıların dostluğu hansı köklü, fundamental səbəbə dayanır və biz bunu niyə bilmirik? Nə üçün yəhudilər ta Roma dövründən üzü bu yana Qüdsdə ermənilərlə məhlə qonşuları olduqları halda onlara deyil, azərbaycanlılara dost münasibəti bəsləyirlər? (Montefiorenin “Yerusəlim” kitabında müəllifin gizləməyə çalışdığı, amma diqqətli oxucunun nəzərindən yayınmayan bir fakt var ki, ermənilər türklərdən qabaq yəhudilərə xəyanət ediblər, sonra növbə osmanlılara, indi də deyəsən, ruslara çatıb.)

Yuxarıda cütlədiyim suallarla özüm də tez-tez qarşılaşdığım üçün bu yazımızda bu dostluğun tarixi haqqında bəzi mənbələrdən oxuduğum faktları ümumiləşdirərək yazmağı qərara aldım.

Tarixçi deyiləm, ona görə də yazını tarixi iddia kimi oxumamağınızı tövsiyə edirəm.

Yəhudi-azərbaycanlı dostluğunun ana səbəbinə gəlmək üçün tarixin yerin altında qalan alt qatlarına enmək lazımdır. Hər şey ondan başladı ki, 370-ci illərdə Hun atlıları Avropada göründülər. Hunların arxasınca isə IV əsrdən başlayaraq bu torpaqlara köç edən Xəzərilər bölgədə dövlət olaraq ortaya çıxdılar və üç əsr (650-969) Dneprden Volqa vadisinə qədər ərazilərə və bütün Qafqaza hökm etdilər. Xəzərilər xristian Bizansı və müsəlman ərəblərə  qarşı sülalə siyasəti olaraq yəhudiliyi seçsələr də, xəzərilərin böyük qismi bütpərəst və ya şaman idilər. Etimoloji mənası “gəzərgilər” anlamına gələn Xəzərilər adı onların köçəriliyinə işarə edən bir adlandırma idi. 

Ərəb tarixçilər Xəzərilərə farsca “Hazaran”, türkcə “Sabar” deyildiyinə əsaslanaraq Xəzəriləri Göytürk Xaqanlığının Qərb qolunu təşkil edən Sabirlərin xələfləri olduğunu söyləyirlər.

Ümumiyyətlə, Xəzərilərin, əsasən, Orta Asiyadan gələrək Xəzər dənizi ilə Qara dəniz arasındakı bölgəyə məskunlaşdıqları qəbul edilir. 

558-ci ildə Xəzərilər ilk dəfə bu bölgədə dövlət qurdular və 620-ci ildən sonra Göytürk İmperatorluğundan ayrılaraq müstəqil oldular. VII əsrin ortalarından etibarən islamın yayıldığı bir dövrdə Xəzərilərlə islam orduları qarşı-qarşıya gəlməyə başladılar.

Xəlifə Ömərin dövründə islam orduları Xəzəri imperiyasının tərkibində olan və bu gün Dərbənd kimi bildiyimiz “Bab əl-Abvab”ı (Qapıların Qapısı) fəth etdi. Xəlifə Məmunun dəvətinə qədər Xəzərilər müsəlmanlara dirənsələr də, Məmunun dəvəti ilə Xəzərilərin islamı qəbul etdiyi tarixə məlumdur.

Xəzərilərdən günümüzə qədər gəlib çıxan iki Xəzəri sənədinin ibranicə yazılması və Xəzərilərin İvrit əlifbasından istifadə etmələri bütün tarixçilər tərəfindən mübahisəsiz qəbul ediləsə də, Xəzərilərin yəhudiliyi qəbul etməsi ilə bağlı fərqli fikirlər var. Xəzərilərin ucdantutma hamısının yəhudiliyi qəbul etdiyini söyləyən iddialarla yanaşı, yalnız Xaqanın və sülaləsinin yəhudiliyi qəbul etdiyini deyənlər də var. 

Bəzi yəhudişünaslar isə Xəzər İmperatorluğunda üç dinin də rəsmi dövlət dini olduğunu, xaqanın cümə günü islamın, şənbə günü yəhudiliyin, bazar günü isə xristianlığın ibadət və ayinlərini yerinə yetirdiyini söyləyirlər. Məsələn, İbn Rüşd yalnız Xəzəri hakim sülalənin yəhudiliyi qəbul etdiyini, əhalinin isə üç dinlə bərabər, qədim türk inancı olan Göytanrıçılığa inandığını yazırdı. 

Üç dinə sitayiş Xəzərilərin çöküşündən sonra fərqli bir mənzərə yaratdı; xristian xəzərilər rus boyarlarına çevrildilər, müsəlman xəzərilər xarəzimlər kimi tarixdə yerlərini aldılar. Yəhudi xəzərilər isə, əsasən, Şərqi Avropaya köç etdilər. Hətta bu gün Eran Əlxayk kimi genetiklər əşkinazi yəhudilərinin (Şərqi və Mərkəzi Avropa yəhudiləri) əcdadlarının Xəzər bölgəsində yaşayan türk tayfaları olduğunu iddia edirlər. 

IX-X əsrdə ruslarla ərəblər arasında sərhəd rolunu oynayan Xəzərilər həm də çağdaş rus mədəniyyətinin bünövrəsini yaradan və formalaşdıran bir mədəniyyət kimi də tarixçilərin diqqət mərkəzindədirlər. Rus tarixçisi Bartold yazır ki, 839-cu ildə yaranan ilk rus ittifaqının başçısı özünə xəzərilərin təbirincə, Xaqan adını vermişdi, 988-ci ildə xristianlığı ruslara ucdantutma qəbul etdirən Vladimir də Xaqan idi. “Tamğa”dan (damğa) “Таможенное”yə, Qopuzdan Balalaykaya qədər bir çox hərbi, siyasi, iqtisadi, mədəni irsi ruslar xəzərilərdən mənimsəmişdilər.  

İslam mənbələri xəzərilərin xəlifə Harun Rəşid dövründə, yəni 785-ci ildə yəhudiliyi qəbul etdiyini yazsalar da, bəzi mənbələr yəhudiliyə keçidin 670-ci ildə Sakaryadan bu imperatorluğa köç edən İsak Sanqari adlı Qarayi məzhəbindən olan yəhudi müdrikin Xəzəri Xaqanı ilə görüşündən sonra baş tutduğunu yazır. Xəzərilərin yəhudiliyi qəbul etdiyinin yeganə yazılı mənbəyi xəzəri Xaqanı Yusifin məktubudur.

Əndəlüs tarixçisi Əl-Bəkrinin yazdıqları da bu məktubda deyilənləri təsdiqləyir; Əl-Bəkri yazır ki, Xəzəri xaqanı hər üç dinin nümayəndələrini sarayına çağırıb müzakirə təşkil edib, axırda ən çox inandığı sözləri yəhudi din xadimindən eşitdiyini söyləyərək yəhudliliyi tapındığını elan edib. 

Xəzərilərin yəhudiliyi qəbul etməsini VIII əsrin ortalarında Bizansdan sürgün edilən Qarayi yəhudilərinin bu bölgələrə üz tutmaları və Xəzərilər tərəfindən xoş qarşılanmaları ilə də bağlayan iddialar da mövcuddur. Krım və Xəzəri imperatorluğunda məskunlaşan köçkün yəhudilərin bir qısmi Xəzəri dövləti dağıldıqdan sonra Şərqi Avropaya üz tutub, bir qismi isə indiki Azərbaycan ərazisində yaşayan dağ yəhudiləri kimi həmişəlik bu torpaqları özlərinə vətən seçib.

Məşhur “Yerusəlim” kitabının müəllifi Saymon Montefiore də yazır ki, 1948-ci ildə qurulan İsrail dövlətindən əvvəlki son yəhudi dövlətini tarixdə IX əsrdə Xəzərilər yaradıb. Yəni xəzərilər yəhudilərə qucaq açmaqla qalmayıb, eyni zamanda, onların Qüdsdə dövlət qurmalarına da kömək ediblər.

Bütün bu tarixi faktlar onu göstərir ki, bu gün yəhudilər bizi Qafqazda Xəzərilərin varisləri kimi qəbul edirlər. O Xəzərilərin ki, onlar Bizansdan qovulan yəhudilərə öz torpaqlarını “yeni vətən” etməklə yanaşı, IX əsrdə yəhudi dövlətini də yenidən bərpa ediblər. Bəlkə də, bu gün yəhudilərin Azərbaycana dost münasibəti hər üç dinə öz evində yer verən multikultural babalarımızın yəhudilərə etdiyi bu yaxşılıqların əvəzini onların nəvələrinə qaytarmaq cəhdidir.