Gözəl görünmək istəyi Bakı sakinini polis bölməsinə gətirib çıxarıb.
Nizami rayon Polis İdarəsindən ÇıxışYolu.Com-a verilən məlumata əsasən, 54 yaşlı Mehriban Orucova polisə şikayət edib.
Qadın 2017-ci ilin mart ayında 28 yaşlı qızı Şahnaz İsmayılovanın dodaq formasını dəyişmək üçün Orxan adlı plastik cərraha müraciət etdiyini bildirib. Ancaq cərrahi müdaxilədən sonra qızının siması tanınmaz hala gəlib. İsmayılova dodaqlarının yeni formasından razı qalmayıb. O, buna görə cərrahı günahkar bilir.
ÇıxışYolu.Com-ın müxbiri məsələni araşdırıb.
Belə ki, Orxan Abbaslı dodaq korreksiyası üzrə Bakının aparıcı mütəxəssislərdən sayılır. Şahnaz İsmayılova “Loğman” klinikasında məhz ona müraciət edib. Ancaq qadın həkimin yanına gələndə dodaqları artıq fillerlərlə doldurulmuş olub.
“Yeni dodaq formaları İsmayılovanın ürəyincə olmayıb və ona görə korreksiya üçün mənə müraciət edib. Mən süni gelin kənarlaşdırılması və dodaq korreksiyası üzrə üç əməliyyat həyata keçirmişəm. Məndə onun əməliyyatdan əvvəlki və sonrakı fotoşəkilləri var. Daha sonra qız yenidən dodaqlarını şişirtmək fikrinə düşüb.
Qeyri-peşəkarların yanına getməsin deyə, ona həkim-kosmetoloqa müraciət etməyi tövsiyə etdim. Daha onu görmədim. Ancaq İsmayılovanın anası hər yerdə məndən şikayətlənərək, müxtəlif tələblər irəli sürür”, – deyə cərrah bildirib.
Həkim-kosmetoloq Şahnaz İsmayılovanı qəbul edib və dodaqlarına yenidən gel yeritməyi məsləhət görmədiyini bildirib. Ancaq sonuncu bu məsləhəti qulaqardına vurub və başqa kosmetoloqa müraciət edib.
“İsmayılova nəticədən razı qalmayıb. O, həkimin etdiyi müdaxilədən sonra dodaq formasının dəyişdiyini hesab edir. Ancaq bu, belə deyil. Buna baxmayaraq, İsmayılovanın anası əməliyyat üçün ödədiyi məbləğin, yəni min manatın qaytarılmasını klinikadan tələb edib, buna nail olub da.
Qadın klinika rəhbərliyinə İsmayılovanın iki azyaşlı uşaq böyütdüyünü, əməliyyat üçün verdiyi məbləği böyük çətinliklə topladığını bildirib. O, əməliyyat üçün ödədikləri məbləğin geri qaytarılacağı təqdirdə artıq həkimləri narahat etməyəcəyinə söz verib.
“Pullarını geri alsa da, sosial şəbəkədə mənim haqqımda yalan informasiya yaymağa başlayıb və bunu saxta profillərin vasitəsilə həyata keçirib”, – deyə cərrah bildirib.
Orxan Abbaslı artıq Bakı şəhər Baş Polis İdarəsində olduğunu və ifadə verdiyini bildirib. Orada ona məlum olub ki, İsmayılovanın məqsədi heç də dodaq korreksiyası deyil, 100 min manat məbləğində təzminat almaqdır.
Polisə verdiyi ifadədə İsmayılova həmin məbləğlə İtaliyaya səfər edib, dodaqlarını əvvəlki formasına qaytarmağı planlaşdırığını söyləyib.
“Nə deyim, şikayət etmək onun hüququdur. Ancaq məndə onun yanıldığını göstərən sübutlar var. Mən öz işimdə naşı deyiləm. Bakıda dodaq korreksiyası üzrə iki minə yaxın uğurlu əməliyyat keçirmişəm. Kosmetologiya və plastiki cərrahiyə sahəsinin mütəxəssisləri mənimlə məsləhətləşir”, – deyə Abbaslı bildirib.
Nizami rayon Polis İdarəsi cərraha qarşı ittiham irəli sürməyə tələsmir. Hazırda fakt üzrə araşdırma aparılır. Ona görə şikayətçi İsmayılova İtaliya səfərini ertələməli olacaq.
Ramella İbrahimxəlilova