9ef2e872-052e-4c13-ad48-73b963abb4da..jpg

ÇL-də qrup mərhələsi: “Mançester Siti” və “Barsa”nın hegemonluğu, “ölüm qrupu”nda kim “sağ qalacaq”? – TƏHLİL

Baxış sayı: 701 dəfə baxılıb.

ÇL-də qrup mərhələsi: “Mançester Siti” və “Barsa”nın hegemonluğu, “ölüm
qrupu”nda kim “sağ qalacaq”? – TƏHLİL

UEFA Çempionlar Liqasında (ÇL) 2023/24 mövsümünün qrup mərhələsinə start
verilir.

Cixisyolu.com-ın məlumatına görə, I turun oyunları sentyabrın 19-da və 20-də
keçiriləcək.

Bu mövsüm turnirin əsas mərhələsi sonuncu dəfə qrup formatında təşkil
olunacaq. Növbəti mövsümdən ÇL adına uyğun olaraq liqa formatına keçəcək.

Qrup mərhələsi öncəsi komandaların şansları necədir?

Öncə qısaca onu qeyd edək ki, bukmekerlərin fikrincə, turnirin əsas favoriti,
kubokun son sahibi “Mançester Siti”dir. “Bavariya” və “Real Madrid” növbəti
favoritlərdir. Turnirin qalibi olmağa ən az iddiası olanlar isə “Kopenhagen”,
“Antverpen”, “Yanq Boyz”, “Seltik” kimi komandalar hesab edilir.

Hələ start ərəfəsində olduğumuzu və qış transfer pəncərəsi zamanı da
komandaların heyətində ciddi dəyişikliklərin baş vermə ehtimalını, eyni zamanda
ÇL-in özünəməxsusluğunu nəzərə aldıqda hesab edirik ki, indidən gələn ilin
iyununda keçiriləcək finalda nələrin baş verəcəyi barədə danışmaq üçün çox
tezdir. Lakin qrup şanslarından bəhs etmək olar.

A qrupu: “Bavariya” (Münhen, Almaniya), “Mançester Yunayted” (Mançester,
İngiltərə), “Kopenhagen” (Kopenhagen, Danimarka), “Qalatasaray” (İstanbul,
Türkiyə)

A qrupu klassik “Bavariya” – “Mançester Yunayted” duellərinə səhnə olacaq.
Futbol qurmanları bu komandaların turnirin 1999-cu ildəki final matçını yaxşı
xatırlayırlar. Həmin həlledici qarşılaşmanın altıncı dəqiqəsində Mario Bazler
münhenliləri hesabda irəli keçirsə də, 90+1-ci dəqiqədə Teddi Şerrinqem, iki
dəqiqə sonra Ole-Qunnar Sulşerin qolları ilə “qırmızı şeytanlar” möhtəşəm
geridönüş edərək, ikinci dəfə kuboku muzeylərinə aparmışdılar.

Qrupda əsas mübarizənin də bu iki komanda arasında gedəcəyini gözləmək olar.
Hazırda “Bavariya” lider olmağa daha şanslıdır. “Mançester Yunayted” İngiltərə
Premyer Liqasında mövsümə uğursuz başlasa da, “mankunyanlar”ın ÇL ənənələri
asan təslim olmayacağı anlamına gəlir.

Azərbaycanlı azarkeşlərin böyük maraq göstərdiyi “Qalatasaray”ın növbəti
mərhələyə yüksəlmək ehtimalı az qiymətləndirilir. Lakin İstanbul təmsilçisinin
heyətinin potensialı yüksəkdir. Komanda çətin də olsa, sürpriz edə bilər.
Xüsusən, “Mançester Yunayted”in qeyri-stabilliyindən istifadə etmək olar.

“Kopenhagen” isə bu qrupun ən zəifidir. Düzdür, Danimarka çempionunun xal
qazanmaq ehtimalı var, ancaq mütəxəssislər komandanın sonuncu olacağını
düşünürlər.

B qrupu: “Sevilya” (Sevilya, İspaniya), “Arsenal” (London, İngiltərə), PSV
(Eyndoven, Niderland), “Lans” (Lans, Fransa).

Burada favorit “Arsenal”dır. Hər hansı komandanın onlara ciddi rəqabət
göstərəcəyi inandırıcı deyil. B qrupunda əsas mübarizə ikincilik uğrunda
gedəcək. “Sevilya”, “Lans” və PSV eyni dərəcədə bu mövqeyə iddia edə bilərlər.
İspaniya klubu əvvəlki əzəmətindən xeyli uzaq görünür. Ola bilsin ki, bu
komanda elə üçüncü yeri tutub yenidən sevimli Avropa Liqasına yollansın. “Lans”
və PSJ-yə gəlincə, onları daha çox təcrübə ayırır. Niderland klubu bu turnirin
daimi iştirakçılarındandır. “Lans” isə əlinə düşən fürsətdən maksimum istifadə
etməyə çalışacaq. PSV bu qrupda ikinci pilləyə daha yaxın tərəf kimi görünür.
Təbii ki, “Sevilya” toparlana bilməsə.

C qrupu: “Napoli” (Neapol, İtaliya), “Real Madrid” (Madrid, İspaniya), “Braqa”
(Braga, Portuqaliya), “Union” (Berlin, Almaniya).

Qrupda favorit turnirin qalibi olmaq üzrə rekordçu “Real Madrid”dir. Əgər ötən
mövsüm olsa, “Napoli”nin zirvə yarışında “kral klubu”na rəqabət təklif
edəcəyini söyləmək olardı. Lakin son İtaliya çempionu bu mövsüm özünə bənzəmir.
Ya da ən azı keçən mövsümkü performasından uzaqdır. Naepollular qrupda
ikincilik mübarizəsi aparmalıdırlar. Rudi Qarsiyanın komandasının əminliklə
ikinci olacağını demək də olmur. “Braqa” və “Union” bu mövqe uğrunda mübarizə
aparacaqlar. Güman ki, qrupda ikinci yerin sahibi sonuncu turda müəyyənləşəcək.
Ancaq “Napoli”, əlbəttə, daha şanslıdır.

D qrupu: “Benfika” (Lissabon, Portuqaliya), “İnter” (Milan, İtaliya),
“Zaltsburq” (Zaltsburq, Avstriya), “Real Sosyedad” (San-Sebastyan, İspaniya).

C qrupu barədə yazılanları böyük ölçüdə bura da aid etmək olar. “İnter”
favoritdir. Lakin “Real Madrid”dən fərqli olaraq bu komanda işləri özü üçün
çətinləşdirməyi “bacarır”. Qeyri-adi bir şey baş verməsə, Çempionlar Liqasının
son finalçısı lider kimi mərhələ adlayacaq. İkinci yerə isə “Benfika” və “Real
Sosyedad” daha iddialıdırlar. Onların arasında isə Portuqaliya klubu şanslıdır.

E qrupu: “Feyenoord” (Rotterdam, Niderland), “Atletiko” (Madrid, İspaniya),
“Latsio” (Roma, İtaliya), “Seltik” (Qlazqo, Şotlandiya).

Burada komandaların güc nisbəti daha yaxındır. Lakin “Atletiko” digərlərindən
daha güclü görünür. “Seltik”in şansı az qiymətləndirilirsə, “Feyenoord” və
“Latsio” ikinci yer uğrunda son ana qədər mübarizə aparacaqlar. Roma klubu
mövsümə zəif başlayıb, ancaq ötən mövsümkü formanı yaxalamağı bacarsalar,
qrupdan çıxacaqlar. “Feyenoord”un 1/8 finala yüksəlməsi isə qətiyyən
gözlənilməz hesab edilməyəcək.

F qrupu: PSJ (Paris, Fransa), “Borussiya” (Dortmund, Almaniya), “Milan”
(Milan, İtaliya), “Nyukasl” (Nyukasl-apon-Tayn, İngiltərə).

F qrupu mövsümün “ölüm qrupu”dur. Burada favorit hesab edilən PSJ-nin
pley-offa adlaya bilməməsi, belə sürpriz hesab edilməməlidir. “Nyukasl”
təcrübəsinə görə digərlərindən geri qalsa da, heç bir halda asan təslim
olmayacaq. Komandanın keçən mövsümkü nəticələri və bu mövsümə yaxşı startı belə
düşünməyə əsas verir. Bu qrupda sıralamanı komandaların oyun günlərindəki
konkret performansı müəyyənləşdirəcək. Kağız üzərində PSJ daha şanslı,
“Nyukasl” ən az şanslıdır. “Borussiya” – “Milan” qarşılaşmaları isə əsl “qanlı
savaş” olacaq. “Ölüm qrupu”nda “öləcək” komandalar ümumən turnir üçün itki
olacaqlar.

G qrupu: “Mançester Siti” (Mançester, İngiltərə), “Leypziq” (Leypziq,
Almaniya), “Srvena Zvezda” (Belqrad, Serbiya), “Yanq Boyz” (Bern, İsveçrə).

Bu qrupda hər şey “Mançester Siti”nin ürəyincə olmalıdır. “Şəhərlilər”in qrup
mərhələsini maksimum nəticə – 18 xalla başa vurmaq ehtimalı da yüksəkdir.
İkinci yerə “Leypziq” daha iddialıdır. Hər halda “Srvena Zvezda” və “Yanq
Boyz”un böyük rəqabət təklif edəcəyi gözlənilmir. Onlar daha çox öz aralarında
üçüncü yerin – Avropa Liqasına vəsiqənin sahibini müəyyənləşdirməyə
çalışacaqlar.

H qrupu: “Barselona” (Barselona, İspaniya), “Portu” (Portu, Portuqaliya),
“Şaxtyor” (Donetsk, Ukrayna), “Antverpen” (Antverpen, Belçika).

“Mançester Siti” kimi “Barselona”nın da işi çətin olmamalıdır. Düzdür, “Portu”
turnirin təcrübəli komandalarındandır, “Şaxtyor” da zaman-zaman problem yarada
bilib. Lakin “Barsa”nın böyük çətinlik yaşamadan qrup lideri olacağı
gözlənilir. “Portu” ikinci yerə iddialıdır. Üçüncü yer uğrunda isə “Şaxtyor”
“Antverpen”dən güclü olmalıdır.

Faiq Tahirov

Source link